Afsəddin Nəbiyev: “Prezidentin açıqlamaları Azərbaycan xalqının gələcək təhlükəsizlik strategiyasının manifestidir”
İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Bunu Prezident İlham Əliyev Xocavəndə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib.
“İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik”- Prezident qeyd edib.
Bütün bunlar Azərbaycanın, öz suverenliyini və ərazi bütövlüyünü bərqərar edəndən sonra daha da güclənməsinin göstəricisidir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Azərbaycan xalqı son iki əsrlik tarixinin ən şərəfli, eyni zamanda ən qürurlu dövrünü yaşayır: “Prezident İlham Əliyevin Xocavənddə sakinlərlə səmimi söhbəti zamanı vurğuladığı "güclü dövlət" və "keçilməz sədd" konsepsiyası, xalqımızın bir daha heç vaxt faciələrlə üz-üzə qalmayacağının ən ali təminatıdır. Düz 34 il öncə Azərbaycan xalqı dövlətçilik tarixinin ən ağır sınaqlarından keçirdi. O vaxtkı siyasi xaos və hərbi zəiflik dinc, əliyalın soydaşlarımızı erməni vəhşiliyi ilə təkbaşına qoymuşdu. Tarixin elə bu günü 26 fevral qan yaddaşımıza Xocalı soyqırımı kimi həkk olunub. Malıbəyli, Quşçular, Ağdaban, Bağanis Ayrım və Qaradağlıda törədilən qətliamlar erməni faşizminin əsl simasını göstərirdi. O zaman xalqımız qarşısında duran ən böyük faciə həm də dövlətin öz vətəndaşını qoruya bilməməsi idi. Prezidentin qeyd etdiyi "güclü Azərbaycan" məhz o faciələrin bir daha təkrarlanmaması üçün qurulan sarsılmaz qaladır. Rəşadətli Ordumuzun 2020-ci il Vətən müharibəsindəki qəhrəmanlığı və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində, suverenliyimiz bərpa olundu, 30 illik işğala son qoyuldu. Şəhidlərimizin qisası alındı. Xocalının Qaradağlının və onlarla kəndimizin qatilləri diz çökdürüldü. Separatizm yuvası dağıdıldı. Xalqımıza qarşı cinayət törədən separatçı xunta rejiminin qondarma rəhbərləri bu gün Azərbaycan ədalət mühakiməsi qarşısında cavab verərək törətdikləri cinayətə görə cəzalarını aldılar. Bu gün bəzi cinayətkarlar dəmir barmaqlıqlar arxasındadır. Lakin xalqımız əmindir ki, o dövrün əsl ideoloqları və icraçıları olan Köçəryan, Sarkisyan və Balasanyanların da Azərbaycanın ədalət məhkəməsi qarşısına çıxarılacağı gün uzaqda deyil. Dövlət başçısının vurğuladığı kimi, sülhün təminatçısı məhz müzəffər və müasir Ordumuzdur. Biz gücümüzü artırmağa davam etməliyik ki, bir daha heç bir qüvvə Azərbaycanın suverenliyinə dil uzatmağa cürət etməsin. Prezident İlham Əliyevin bu açıqlamaları Azərbaycan xalqının gələcək təhlükəsizlik strategiyasının manifestidir. Bu, hər bir vətəndaşımıza verilən mesajdır. Azərbaycan artıq o zəif dövlət deyil. Azərbaycan öz taleyinin sahibi və bölgənin diktə edən gücüdür”.
Vidadi ORDAHALLI