Bəhruz Quliyev: “Azərbaycan humanitar dəyərləri hər zaman ön planda saxlayır, mülki əhalinin əziyyət çəkməsini qətiyyətlə pisləyir, lakin...”
Bu günlərdə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzzaya sülhməramlı qüvvələrin göndərilməyəcəyini bildirib.
Prezident İlham Əliyevin fikirlərinə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin Qəzza ilə bağlı səsləndirdiyi mövqe Azərbaycanın prinsipial və balanslı xarici siyasət xəttinin növbəti aydın ifadəsidir: “Dövlət başçısının müsahibədə verdiyi “Qəzzaya sülhməramlı qüvvələr göndərilməyəcək” mesajı göstərir ki, Azərbaycan regiondan kənar münaqişələrdə emosional deyil, beynəlxalq hüquqa, real mexanizmlərə və milli maraqlara əsaslanan mövqe tutur."
Həmsöhbətimiz hesab edir ki, Azərbaycan humanitar dəyərləri hər zaman ön planda saxlayır, mülki əhalinin əziyyət çəkməsini qətiyyətlə pisləyir. Lakin hərbi-siyasi xarakterli proseslərdə iştirak yalnız hüquqi əsaslar, beynəlxalq mandat və ölkənin birbaşa maraqları çərçivəsində mümkündür: “Qəzza məsələsində isə belə şərtlərin olmadığı açıq şəkildə ortadadır. Prezidentin bu açıqlaması həm də onu göstərir ki, Azərbaycan beynəlxalq gündəmdə məsuliyyətli aktor kimi çıxış edir, riskli geosiyasi qarşıdurmalara cəlb olunmur və sülhün təminini populist addımlarda deyil, diplomatik və humanitar təşəbbüslərdə görür. Bu yanaşma ölkəmizin müstəqil siyasətinin və strateji düşüncəsinin göstəricisidir.
Onu da qeyd edim ki, Azərbaycan Prezidenti bütün məsələlərə yanaşmasınada milli maraqlara əsalanır".
Günel CƏLİLOVA