Bəhruz Quliyev: “Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarından çıxarılması nizamnaməyə tam uyğundur”
Məlum olduğu kimi, 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sabiq PA rəhbəri xüsusilə ağır cinayətlərdə ittiham olunur.
Belə ki, Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.
Onu da qeyd edək ki, R.Mehdiyev hələ də Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Bununla yanaşı, YAP-da təmsil olunan bəzi şəxslərin də R.Mehdiyevlə müəyyən təmaslarla adı hallanır. R.Mehdiyevlə adı hallanan şəxsin YAP-dan xaric olması mümkündür?
“Dövlətə xəyanət edən şəxsin YAP sıralarında qalması nə mənəvi, nə də siyasi baxımdan mümkündür“
“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyevin dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və çirkli pulların yuyulması ittihamları ilə üzləşməsi faktı təsadüfi deyil: “Bu, illərlə sistem içində kök salmış, dövlətin etimadını şəxsi maraqlara qurban vermiş köhnə siyasi təfəkkürün ifşasıdır. Bu gün Ramiz Mehdiyev artıq təkcə bir şəxs deyil, keçmişin, intriqa və ikili oyunlar dövrünün rəmzidir. Dövlətin gücü və prinsipiallığı elə ondadır ki, kimliyindən asılı olmayaraq, xəyanət edənlərin hamısı cavab verir. Azərbaycan dövləti bir daha göstərdi ki, burada “toxunulmaz” anlayışı yoxdur. Dövlətə, xalqa və Prezidentə qarşı gedən, illərlə “kölgə oyunları” oynayan hər kəs hüquq qarşısında cavab verəcək”.
Həmsöhbətimiz, R.Mehdiyevin Yeni Azərbaycan Partiyasının sıralarından çıxarılmasına gəlincə, bildirdi ki, bu, nizamnaməyə tam uyğundur. Çünki bu partiya xalqın iradəsini, dövlətçilik prinsiplərini və Prezident İlham Əliyevin siyasi kursunu təmsil edir: “Dövlətə xəyanət edən şəxsin YAP sıralarında qalması nə mənəvi, nə də siyasi baxımdan mümkündür. Əgər bu gün partiyada onunla əlaqəsi, gizli münasibəti olanlar, “səssiz həmfikirləri” varsa, onlar da eyni aqibəti yaşamalıdırlar. Bu məsələ sadəcə bir cinayət işi deyil, siyasi və mənəvi təmizlənmə prosesidir. Ramiz Mehdiyevin illərlə yaratdığı kölgə şəbəkəsinin dağılması dövlətin gücünü, Prezidentin iradəsini və xalqın ədalət tələbini nümayiş etdirir".
Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan artıq yeni mərhələdədir, yəni burada nə “köhnə komanda”, nə “immunitet”, nə də “kölgədə hökmranlıq” anlayışı mövcuddur: “Bu ölkədə yalnız dövlətə sadiqlik, xalqa xidmət və şəffaf siyasət mövcuddur. Qalan hər kəs, istər Ramiz Mehdiyev, istərsə də onun “köhnə oyunçuları”, tarix səhnəsindən silinməyə məhkumdur".
Günel CƏLİLOVA