Ağ Evdə keçirilən son görüşdə ABŞ prezidenti Tramp Ukrayna lideri Zelenskini Putinin şərtlərini qəbul etməyə çağırıb. Bununla bağlı “Financial Times” məlumat yayıb.
Mənbələrin sözlərinə görə, görüşdə bir neçə dəfə qızğın mübahisə yaranıb. İddialara görə, Tramp əsəbiləşərək Ukrayna cəbhə xəttinin xəritələrini yerə atıb, sərt sözlər işlədib və Zelenskidən bütün Donbası Rusiyaya verməsini tələb edib.
Qəzetə danışan mənbələr Trampın Zelenskiyə “Əgər razılaşmazsan, Putin istəsə səni məhv edəcək” dediyini bildirib.
Bir Avropa rəsmisinin sözlərinə görə, Tramp Ukraynanın tam dağılmasının qarşısını almağın yeganə yolunun Moskva ilə razılaşma olduğunu deyib.
Tramp görüşdə, “Ukraynada müharibə bitərsə, ölkə çox güman ki, bəzi ərazilərini itirəcək” dediyi iddia edilir.
Bu arada, “Fox News” danışan Tramp, aparıcının Rusiya liderinin Ukraynadan heç bir ərazi almadan münaqişəni bitirməyə hazır olub-olmaması ilə bağlı sualına “Putin nəsə alacaq, çünki o, artıq müəyyən ərazilər qazanıb” deyə cavab verib. ABŞ prezidenti münaqişə bitdikdən sonra Rusiya ilə ticarət potensialının yüksək olduğunu və sülh sazişinin buna “böyük imkan” yaradacağını bildirib.
İddialara görə, Putin Trampla son telefon danışığında Donetsk bölgəsinin tam Rusiyanın nəzarətinə verilməsini tələb edib. Bunun müqabilində Moskva Zaporojye və Xerson vilayətlərinin bir hissəsini Kiyevə verməyə hazır olduğunu bildirib.
Tramp bildirib ki, Rusiya və Ukrayna mövcud cəbhə xəttində münaqişəni dayandıra və daha sonra razılığa gələ bilərlər. “Reuters”in məlumatına görə, Tramp “Ərazinin 78%-i artıq Rusiyanın nəzarəti altındadır... Razılaşma daha sonra da əldə oluna bilər” deyib.
Moskva isə münaqişənin dondurulmasının əleyhinədir. Xarici işlər naziri Sergey Lavrov “Bizə atəşkəs təklif edənlər əslində on illik fasilə istəyirlər, bu sadəcə yeni versiyadır” deyib.
TAHİR