Azərbaycan, Kamboca, Ermənistan və Nepal təşkilat üzrə tərəfdaş qismində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulurlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, ŞƏT dövlət başçıları şurasının geniştərkibli iclasını giriş sözü ilə açarkən bildirib ki, bu ölkələr dialoq üzrə tərəfdaş qismində ŞƏT ailəsinə qoşulurlar: "ŞƏT-in işində iştirak etmək arzusunda olan digər dövlətlər də var".
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə deyib ki, Azərbaycan, Ermənistan, Belarus, Türkiyə və İran Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq etmək istədiyini bildirib, ölkələrin müraciətinə baxılacaq.
N.Nazarbayev bildirib ki, ŞƏT açıqlıq prinsipinə riayət etməli və cəlbediciliyini qoruyub saxlamalıdır: "Azərbaycan, Ermənistan, Belarus, İran və Türkiyə təşkilatda fəaliyyət göstərmək istədiyini bildirib. Bu ölkələrin dəstəyə layiq olduğunu düşünürəm. ŞƏT konsepsiyası çərçivəsində onların bu istəyini diqqətlə və mərhələli şəkildə nəzərdən keçirməliyik ki, bu təşkilatın zəifləməsinə deyil, güclənməsinə xidmət etsin”.
Çin Azərbaycanın ŞƏT-də iştirakını alqışlayır
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin Azərbaycan, Ermənistan, Belarus, Kamboca və Nepalın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətində iştirakını alqışlayıb. S.Cinpin ŞƏT ölkələrinin Dövlət Başçıları Şurasının birgə iclasında çıxışı zamanı bildirib: "Təşkilatın müşahidəçi ölkəsi kimi Belarusu, dialoq tərəfdaşı kimi Azərbaycan, Ermənistan, Kamboca və Nepalı alqışlayırıq”.