Ermənilər rus milyarderi Qarabağda "oyuna salıb"lar

Mirkazım Seyidov: "Həm pulunu, həm də canını xilas etmək üçün ora sığınıb"
"Daha doğrusu, ermənilərə əsir düşüb"
Ermənilər növbəti fırıldağa əl atıb. Adı heç bir siyahıda olmayan bir şəxsi işğal edilən Dağlıq Qarabağda milyarder adı ilə "zühur" etdiriblər. Özünü rusiyalı milyarder kimi təqdim edən German Sterliqov adlı birisi işğal altında olan Dağlıq Qarabağa köçdüyünü deyir. Maraqlıdır ki, Ermənistan mətbuatı bunu əsl piara çevirib.
Baxın və görün, həmin adamın açıqlamasında biznesdən əsər- əlamət varmı?
"Mənim nədən danışdığımı anlamaq üçün hamınız Dağlıq Qarabağa gəlin. Bu, dünyada unikal məkandır. Bu, erməni xalqının qoruyub saxladığı insan münasibətlərinin qoruğudur".
Göründüyü kimi, bu adam siyasi məzmunlu açıqlamalar verir və ermənilər tərəfindən satın alındığını sübut edir. Burda bir məsələ də ortaya çıxır. Öz büdcəsi milyarda çatmayan bir qondarma rejim pulla milyarderi necə ələ ala bilər? Demək ki, həmin adamın milyarderliyi də saxtadır. Sadəcə, ondan ucuz piar vasitəsi kimi istifadə edirlər.
Maraqlıdır ki, German Sterliqovun həyat yoldaşı Alyona Rusiyanın "Ren TV" telekanalına müsahibə verən zaman ərinin dediklərini, demək olar ki, təkzib edib. Жurnalistin "Rusiyanı niyə tərk etdiniz" sualına cavabımda Alyona Sterliqova bildirib: "Bilmirəm, ərim belə qərar verdi. Dedi vəziyyət elə yaranıb ki, biz hələ ki, Rusiyaya geri dönə bilmərik. Konkret nə baş verdiyini isə mənə sonra deyəcəyini söylədi".
Daha öncə "REN TV" Sterliqovun Rusiyadan qaçmasının əsas səbəblərindən biri kimi adının millətçi BORN (rus millətçilərinin silahlı təşkilatı) qruplaşmasının cinayətlərində hallanmasını göstərmişdi. Rusiyada dövlət quruluşunu dəyişməyi qarşısına məqsəd qoymuş BORN qruplaşması millətçiliklə mübarizə aparan qeyri-rusları qətlə yetirirdi.
Qruplaşma üzvlərindən olan Aleksey Korşunov Moskvada hakim Eduard Çuvaşovun ölümündə günahlandırılırdı. Daha sonra Korşunov Ukraynaya qaçdı və orada üzərində olan qumbaranın partlaması nəticəsində dünyasını dəyişdi. Qrup liderlərindən biri olan Nikita Tixonov vəkil Stanislav Markelovun və jurnalist Anastasiya Baburovanın güllənməsinə görə ömürlük həbs cəzası alıb BORN qruplaşması həm də antifaşist hərəkatının liderləri Fedor Filatovun, İlya Caparidzenin və İvan Xutorskinin, həmçinin tay boksu üzrə dünya çempionu Müslüm Abdullayevin qətlə yetirilməsində günahkar bilinir. German Sterliqovun bu cinayətlərin neçəsində əli olduğunu, yəqin ki, istintaqın gələcək gedişləri göstərəcək.
Bütün qeyd olunanları analiz edəndə məlum olur ki, German olduqca odioz fiqurdu və Dağlıq Qarabağa biznes məqsədilə getməyib.
Rusiyadakı Azərbaycan diasporunun fəallarından olan Mirkazım Seyidov qəzetimizə açıqlamasında bildirdi ki, Sterliqovun Qarabağda peyda olması nə ilə desən bağlı ola bilər, yalnız biznesdən başqa: "Onun milyarder olmağı da şübhə altındadır. Adətən, çox pul qazanmağı bacaran adamların ağlı normal işləyir. Onlar müxtəlif gəlirli, təhlükəsiz və perspektivi olan sahələrə sərmayə qoyur: "Bu adam isə gəlib beynəlxalq terrorizmin yuvası olan bir bölgəyə investisiya yatırmaq istəyir. Təbiidir ki, biz buna inanmırıq və hesab edirik ki, bunun arxasında çirkin məqsədlər durur. Dağlıq Qarabağda hansı biznes mühitindən söhbət gedə bilər ki, həmin bölgəni ələ keçirən hakimiyyəti heç bir qurum legetim kimi qəbul etmir. Bundan əlavə, həmin bölgəyə yatırılan pullara heç kim təminat verə bilməz. Bu çağırışlar bir növ Dağlıq Qarabağda normal bir hakimiyyətin olmasına dair fikirlərin formalaşmasına yönəlib. Ortaya çıxır ki, sən demə həmin adamın Rusiyada radikal kimi qəbul edilən qurumlarla əlaqəsi var. Çox güman o, Rusiyada məsuliyyətdən yaxa qurtarmaq üçün bu addımları atır. Həm pulunu, həm də canını xilas etmək üçün ora sığınıb. Daha doğrusu, ermənilərə əsir düşüb".
Məhəmmədəli QƏRİBLİ