Məqalə jurnalist Çingiz Mustafayevin çəkdiyi Xocalı soyqırımı qurbanlarının fotoları ilə başlayır, daha sonra J.Quro Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və ermənilərin Xocalıda törətdiyi qırğın barədə bütün həqiqətlərdən bəhs edir.
Müəllif qeyd edir ki, ermənilərin Osmanlı imperiyasının süqutu zamanı həlak olan həmyerlilərini yad etmək istəyini başa düşmək olar, bununla yanaşı, ittihamçının kifayət qədər günahkar olduğu bir vaxtda bu anım mərasiminin digər xalqlara qarşı böhtan kampaniyasına çevrilməsi yolverilməzdir.
J.Quro yazır: "Trubadur Aznavur "1915-ci ildə ermənilərə qarşı təqiblər”in bu gün də Azərbaycan tərəfindən davam etdiyini iddia etməklə daha çox mərhəmət oyandırmaq istəyir. Beləliklə, o, fövqəladə həyasızlıqla cəsarət edib Azərbaycanın Ermənistanı işğalla təhdid etdiyini bildirir. Cənab Aznavur, yalan danışmaq yaxşı şey deyil... Siz çox gözəl bilirsiniz ki, Azərbaycan Ermənistanı hədələmir, Ermənistanın özü işğalçı ölkədir və artıq on illərlə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır. İlin əvvəlindən elə bir həftə olmur ki, Azərbaycan-Ermənistan sərhədində 20 yaşlı əsgər həlak olmasın. Bunu deyərkən niyə bu əsgərin çox vaxt Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən güllələnən azərbaycanlı olduğunu dəqiqləşdirmirsiniz?! Niyə dəqiqləşdirmirsiniz ki, bu bölmələr nəinki Dağlıq Qarabağı, eyni zamanda, Azərbaycanın əvvəllər heç vaxt ermənilərin yaşamadığı digər 7 rayonunu işğal altında saxlayır?! Niyə işğal olunan Dağlıq Qarabağ ərazisində ermənilərin törətdiyi etnik təmizləmədən danışmırsınız? Məgər Xocalıda qırğın törədən, dinc əhalini – qadın, uşaq və qocalar da daxil olmaqla 800 azərbaycanlını soyuqqanlı şəkildə öldürən sizin həmvətənləriniz deyilmi?!”