Regionda həlledici güc mərkəzinə çevrilən Azərbaycan və Türkiyə üçün hazırda xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda ölkəmizdə Zəngəzur dəhlizi istiqamətində infrastruktur işləri tam sürətlə davam edir.
Ümumiyyətlə, Azərbaycan Bakı-Zəngəzur-Naxçıvan-Qars dəmir yolu xəttinin şərq hissəsinin infrastrukturunun hazırlanması üçün hazırda bütün işləri görür. Qars-Naxçıvan dəmir yolunun çəkilməsi ilə də xəttin qərb hissəsi qurulmağa başlayacaq. Dəhlizin açılması ölkəmizi Avrasiyanın daha önəmli logistika mərkəzinə çevirəcək.
Hazırda Ermənistan dəhlizin açılmasına əngəl olmağa çalışır. Amma Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi, general Movses Akopyan etiraf edir ki, Zəngəzur dəhlizinin açılması 10 noyabr tarixli bəyanatda razılaşdırılıb. O bildirib ki, Türkiyə və Azərbaycanın Ermənistanın dəhlizin açılmasına sadiqliyi ilə bağlı bəyanatları təsadüfi deyil: “Ankara və Bakıdan gələn mesajlar 10 noyabr tarixli bəyanata əsaslanır. 10 noyabr bəyanatı ağ-qara rəngdə yazılıb, siyasətlə məşğul olan hər kəs onu oxumalı və bu məqamların nəyə gətirib çıxaracağını başa düşməlidir”. Bir daha xatırladaq ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazi Ermənistanın cənubunun ucqarında yerləşir. Azərbaycan bu bölgənin şərqində yerləşir, İran - cənubunda, Naxçıvan Muxtar Respublikası isə - qərbində. Zəngəzur dəhlizi layihəsi isə bu bölgə üzərindən keçəcək quru və dəmir yolu nəqliyyatı ilə Azərbaycanı Naxçıvan Muxtar Respublikasına birbaşa birləşdirməyi nəzərdə tutulan layihənin adıdır. Daha geniş mənada layihə Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirmək məqsədi daşıyır. 2020-ci ildə İkinci Qarabağ müharibəsinin bitməsini özündə ehtiva edən 10 noyabr sazişin 9-cu maddəsində də Naxçıvan ilə Azərbaycan arasında nəqliyyat marşrutlarının açılması nəzərdə tutulur. Bu maddədə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Azərbaycan bu maddə ilə iki ölkənin Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiyini bəyan edir. Onu da xatırladaq ki, Sovet İttifaqı yaradılanda Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında yerləşən Zəngəzur rayonu Ermənistana verilib. Beləliklə, Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru əlaqəsi kəsilib. 1921-ci il martın 16-da Türkiyə ilə Sovet İttifaqı arasında bağlanan Moskva müqaviləsi ilə Naxçıvan muxtariyyət statusu alıb və başqa dövlətə ötürülməmək şərti ilə Azərbaycana verilib. 1921-ci il oktyabrın 13-də Sovet İttifaqı, Azərbaycan, Ermənistan və Gürcüstan arasında imzalanmış müqavilə ilə Türkiyə Naxçıvanın Azərbaycana bağlı muxtar respublika olaraq qalmasının təminatçısı olub. Hazırda Azərbaycan və Türkiyə Ermənistandan, öhdəliyinə müvafiq olaraq, Zəngəzur dəhlizini açmağı tələb edirlər. Erməni politoloq Artur Xaçikyan bildirir ki, Türkiyə və Azərbaycanın planı dəyişməz olaraq qalır, Zəngəzur dəhlizi açılmalıdır. Ekspert Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın məsələ ilə əlaqədar açıqlamasına diqqət çəkib. Türkiyə lideri bundan əvvəl bildirib ki, Ankara Zəngəzur dəhlizinin tez bir zamanda açılması üçün əlindən gələni edəcək. Eyni zamanda o qeyd edib ki, Ermənistan bu layihədə iştirak etməsə, yol İrandan keçə bilər. Xaçikyanın sözlərinə görə, İrandan, Rusiyadan və ya Qərbdən Bakı və Ankaranı ritorikasını dəyişməyə yönəlik mesajlar olsa da, plandan imtina edilməyib: “Bunun nə qədər davam edəcəyi məlum deyil. Amma məqsəd Türkiyəni Azərbaycanla birləşdirməkdir, plan olduğu kimi qalacaq”. “Sputnik Armenia” portalı isə yazır ki, İrəvan Zəngəzurun “qırmızı xətt”i olduğunu iddia etsə də, onun Azərbaycan və Türkiyəyə qarşı çıxmaq üçün kifayət qədər diplomatik və hərbi potensialı yoxdur.
Hazırda dəhlizə əngəl yaradan tərəflərdən biri də İrandır. İranlılar Zəngəzur dəhlizi layihəsi ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edib və dəhlizə nəzarətin mühüm problem olduğunu vurğulayıblar. Cənubi Qafqaz üzrə iranlı təhlilçi Saeed Səffari gündəlik “Shark” qəzetinə verdiyi açıqlamada bildirib ki, İran layihədə sərhəd bütövlüyünün pozulmamasını təmin etdiyi və “dəhlizi nəzarətdə saxladığı” müddətdə bundan faydalanacaq. Mühafizəkar “Farhikhteqan” qəzeti isə israr edir ki, Azərbaycan Türkiyənin dəstəyi ilə dəhlizin təhlükəsizliyini təmin etmək üçün Ermənistanla müharibəyə girməyəcək. Azərbaycanla Türkiyənin hələ də İran ərazisindən tranzit dəhliz kimi istifadə etdiklərini bildirən “Farhikhtegan” yazır: “Ərdoğan və Əliyev Ermənistanda dəhliz yaratmaq istəyirlərsə, yarada bilərlər, ancaq problem onların dəhliz üzərində tam nəzarətə təkid etmələridir”. “Farhikhtegan”ın təhlili ilə həmfikir olan Qafqaz üzrə ekspert Mahmud Kərimi “Shark” qəzetinə müsahibəsində bildirib ki, İran Ərdoğanın təklifini qəbul edərsə, “torpaqlarının Azərbaycanın əlinə keçəcəyinin şahidi olacaq”. Halbuki, İranın bütün narahatlıqları əbəsdir. Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız da qeyd edib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahat olmağa heç bir əsası yoxdur: “Əgər İran narahatdırsa, bu bir növ paranoyadır”. Erməni politoloq Artur Ayrapetyan qeyd edir ki, əslində, İran da dəhlizə əngəl ola bilməyəcək: “Zəngəzur dəhlizi Qərbin zəmanəti ilə Türkiyə və Azərbaycana veriləcək”. Ekspert baş naziri Nikol Paşinyanın 44 günlük müharibədən sonra dəhlizlə bağlı Azərbaycan və Türkiyəyə vəd verdiyini istisna etmir: “Türklərə söz verdiyini Qərbin zəmanəti ilə verəcək”.
Ramil QULİYEV