Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə İşçi qrupa verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyəti davam etdirirlər.
Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyata alınmaq üçün Xankəndi şəhərində yerləşən qəbul şöbəsinə 5, bölgədə keçirilmiş səyyar qəbul zamanı isə 2 sakin könüllü şəkildə Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Beləliklə, hələlik 7 sakinin ilkin qeydiyyata dair müraciətləri qəbul edilib və onlara müraciətlərinin icrası barədə əlavə məlumat veriləcəyi bildirilib.
“Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslər Azərbaycanın digər bölgələrində yaşayan şəxslərlə eyni hüquqa malik olacaqlar”
Azərbaycan vətəndaşı olmaq istəyən erməni əsilli vətəndaşlarla bağlı “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənovlə həmsöhbət olduq.
- Azər müəllim, hazırda bütün dünyanın, ölkələrin diqqəti Azərbaycandadır. Çünki ölkəmiz ərazi suverenliyini bərpa edib. Xankəndidə yaşayan erməni əsilli sakinlər Azərbaycan vətəndaşı olmaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət ediblər. Onlar Azərbaycan vətəndaşı ola biləcəkmi?
- Bəli, hazırda Azərbaycan yeni tarix yazır. Bütün dünyanın diqqəti, gözü ölkəmizdədir. Qarabağda yaşayan erməni əsilli sakinlər arasında Dövlət Miqrasiya Xidmətinin Xankəndidə fəaliyyət göstərən struktur bölməsinə vətəndaşlıq əldə etmək üçün müraciət edən şəxslər var. Rəsmi yayılmış məlumatlara əsasən, hələlik 7 nəfər Azərbaycan vətəndaşı olmaq üçün müraciət edib. Mövcud prosedurlara görə, həmin şəxslər vətəndaşlıq mənsubiyyəti ilə bağlı zəruri araşdırmalar aparılacaq. Bundan sonra həmin şəxslərə vətəndaşlığın verilib-verilməməsi ilə bağlı qərar qəbul olunacaq.
- Ümumiyyətlə, bu proses necə həyata keçirilir?
- Lazımi araşdırma aparıldıqdan sonra onların sənədləri alınacaq və Azərbaycan vətəndaşı olmaq istəyən şəxslər müsahibəyə cəlb olunacaq.
- Qarabağda yaşayan erməni əsilli vətəndaşlar Azərbaycan vətəndaşlığını qəbul etməklə hansı üstünlükləri əldə edəcəklər?
- Biz hüquqi dövlətdə yaşayırıq. Ölkəmizdə dil, din, irqi ayrıseçkilik yoxdur. Kifayət qədər multikultural dəyərlərə sahib çıxmış bir dövlətik. Bu ən yüksək səviyyədə həyata keçirilən dövlət siyasətilə tam şəkildə təmin olunur. Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslər Azərbaycanın digər bölgələrində yaşayan şəxslərlə eyni hüquqa malik olacaqlar. Nəzərə almaq lazımdır ki, hər bir Azərbaycan vətəndaşı bütün hüquqlardan tam şəkildə istifadə edə bilir. Onu da qeyd edim ki, hüquq varsa öhdəlik də var. Azərbaycan vətəndaşlarının ölkə qarşısında müəyyən öhdəlikləri var. Həmin öhdəliklər tam şəkildə yerinə yetirildikdə o şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olmasında hər hansı bir problem olmayacaq. Bunun üçün də zəruri addımlar artıq atılmaqdadır. Onların sosial-iqtisadi öhdəliklərinin, humanitar xarekterli təlabatlarının ödənilməsi, gələcəkdə məşğulluq, vergidən azad olmavə digər sahələrlə bağlı məsələlər öz həllini tapacaq. Bu kimi tədbirlər reinteqrasiya prosesi nəticəsində həyata keçəcək.
- Azər bəy, təxminən nə qədər erməni əsilli şəxs Azərbaycan vətəndaşı olmaq istəyəcək?
- Qarabağ iqtisadi rayonunda qalıb yaşayan erməni əsilli şəxslər var ki, onların arasında hələlik 7 nəfər vətəndaşlıq üçün müraciət edib. Qarşıdakı günlərdə bu sayın daha da artacağı gözlənilir. Onu da deyim ki, ilkin mərhələdə onlar arasında ehtiyat edənlər var. Erməni əsilli şəxslər ümumi vəziyyətin gedişatını dəyərləndirərək vətəndaşlıq haqqında qərar verirlər. Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilkin qeydiyyata alınmaq üçün könüllü şəkildə reintegration.gov.az portalına da müraciət edə bilərlər. Həmin portal vasitəsilə də müraciətlər daxil olmaqdadır. Onu da deyim ki, Qarabağ iqtisadi rayonunda reintegration.gov.az portalı işləyir. Ancaq Ermənistanda bu portalın fəaliyyət göstərməsinin qarşısı alınıb. Ermənistanın müxtəlif provayderləri Azərbaycanın dövlət qurumlarına aid olan domen adlarını bloklayır. İmkan verilmir ki, erməni əsilli şəxslər gələcəkdə reinteqrasiya olmaq üçün bu portaldan istifadə edərək qeydiyyatdan keçsinlər. Bu fakt da onu göstərir ki, Ermənistan Qarabağda yaşayan erməni əsilli şəxslərin Azərbaycan cəmiyyətinə reinteqrasiya olmasında maraqlı deyil. Əgər reintegration.gov.az portalı Ermənistan ərazisində blok olunmasaydı Azərbaycan vətəndaşı olmaq üçün müraciət edən vətəndaşların sayı daha çox olacaqdı.
Günel CƏLİLOVA