Məlum olduğu kimi, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Xaçatryanın həbsi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi avqustun 8-nə qədər Azərbaycana vaxt verib. Bildirilir ki, terrorçunu saxlanılma şəraiti, səhhəti ilə bağlı Azərbaycan tərəfi onları məlumatlandırmalıdır.
Ermənistanın beynəlxalq hüquq üzrə nümayəndəsi isə bildirib ki, Azərbaycandan Xaçaturyanın səhhəti, vəziyyəti, saxlanılma yeri haqqında məlumat istəyib. Avropa İnsan Haqları Məhkəməsinin cinayətkarın müdafiə etməsi ölkə ictimaiyyətinin narazılığına səbəb olub.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsinin hadisəyə operativ reaksiya verməsi şübhə doğurur. Xatırladaq ki, Şahbaz Quliyev və Dilqəm Əsgərov Ermənistanda əsirlikdə saxlanılarkən bu qurumdan heç bir səs çıxmamışdı. Həmçinin, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonundan Azərbaycanın Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu yolu azaraq Ermənistana keçəndə də adıçəkilən qurum tərəfindən heç bir reaksiya verilmədi.
Ancaq cinayətkar Xaçaturyanla bağlı Avropa Məhkəməsi bir həftənin içərisində qərar çıxarır. Bu mövqe nə dərəcədə düzgündür?
"Avropa İnsan Haqları Məhkəməsinin Xaçaturyanla bağlı məsələyə müdaxilə etmək istəyi kobud insan haqları pozuntusu olmaqla yanaşı, Qərb təsisatlarının..."
Siyası şərhçi Tural İsmayılov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Avropa İnsan Haqları Məhkəməsi bu gün erməni lobbisinin alətinə çevrilib. Əslində Xaçaturyanla bağlı Avropa İnsan Haqları Məhkəməsinin hansısa bir qərar vermək lüksü yoxdur: "Çünki bu şəxs Azərbaycan xalqına olmazın işgəncələri verib. Meşəlidə baş verən soyqırımın əsas müəllifi və iştirakcısı elə Xaçaturyandır. Ermənistanda saxlanılan əsirlərə olmazın zülmlər edilib. Adıçəkilən qurum Ermənistanda saxlanılan əsirlərə edilən işgəncələrə göz yumub. Eyni zamanda, Azərbaycan xalqına qarşı törədilən cinayətlərlə bağlı beynəlxalq hüquqi əməllərə riayət edilməyib. Avropa İnsan Haqları Məhkəməsinin Xaçaturyanla bağlı məsələyə müdaxilə etmək istəyi kobud insan haqları pozuntusu olmaqla yanaşı, Qərb təsisatlarının ikiüzlüyunu və nə qədər yalançı olduğunu bir daha nümayiş etdirdi.
Günel CƏLİLOVA