Naxçıvanla bağlı aparılan araşdırmalar davam edir. Ortaya korrupsiya ilə bağlı ciddi faktlar çıxıb. Bu barədə çox yazılıb və danışılıb. Eyni zamanda məlum olur ki, Talıbov hakimiyyəti həm də Bakıda fəliyyət göstərən Naxçıvan əsilli sahibkarlardan pul toplayırmış. Bunu isə həm “qanuni”, həm də kriminal metodlarla reallaşdırıblar.
27 illik idarəetmə dönəmində 10-larla sahibkarın restoranı, “obyektləri” əlindən alınıb. Həmin sahibkarlar mediaya verdikləri açıqlamalarda bildirirlər ki, onlara həm Naxçıvan polisi, həm də oranın vergi xidmətinin əli ilə təzyiqlər ediblər. Ancaq nədənsə, sahibkarlara divan tutan strukturlardan biri olan vergi ilə bağlı heç bir islahat və yoxlama aparılmayıb. Talıbovların əlində olan bu cəza mexanizmi niyə nəzarətdən kənarda qalıb?
Auditor xidməti üzrə ekspert Elçin Qurbanov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, adətən vergi orqanı böyük konfliktlərdə iştirak etmir: “Naxçıvan vergi xidmətinin bir qədər fərqli iş metodu olub. Onların yoxladıqları bütün müəssisələr Azərbaycan Respublikasının rezidentləridir. Naxçıvanda qeydiyyatda olan müəssisələr ordakı vergi uçotu üzrə qeydiyyata alınır. Onlar bütün hesabatlarını da ora verirdi. Ancaq belə uçotda olan müəsissələrin sənədləri Bakıya və ya Azərbaycanın digər rayonlarına gətirilirsə, onların bütün yoxlamaları və hesabatları burada həyata keçirilir. Vergi məbləğləri də bəyannamə üzrə ödənilirdi dövlət büdcəsinə. Sənədləri Bakıya gətirilənlərə nəzarət tədbirini burada həyata keçirmək mümkün olurdu. Ancaq orada qeydiyyatda olan sahibkarların çoxu qorxusundan sənədlərini Azərbaycanın başqa hissələrinə köçürmürdü. Fazil Məmmədovun nazirliyi dönəmində isə Naxçıvanın vergi orqanları Bakıdakı mağazanı belə eyniləşdirmə kodu ilə naxçıvanlı sahibkarın adına keçirirdi və bütün nəzarət onlara keçirdi. Nəticədə Fazil Məmmədov gördü ki, böyük həcmdə sahibkarlıq subyekti Naxçıvan vergi xidmətinin nızarətinə keçib. Naxçıvan blokadada olduğu üçün, dövlətimiz ora vergi daxilolmalarının artmasında maraqlı idi. Vasif Talıbovun əvvəlki nüfuzu elə idi ki, o, Fazil Məmmədovun müraciətlərini belə rədd edirdi. Artıq hər nə varsa təmərküzləşib, vahid nöqtəyə tabe etdirilib. Vergi Xidməti də ayrıca qurum kimi deyil, İqtisadiyyat Nazirliyinin daxilində fəaliyyət göstərir”.
İnsanlar hesab edir ki, 27 ildə muxtariyyatda dövlət əmlakının amansızcasına talan edildiyi sistemlərin biri məhz Vergilər Nazirliyi olub. Hətta belə bir fikir işlədilir - digərləri dövlətin əmlakını dağıdıb, vergiyığanlar həm də vətəndaşları talan edirdi.
Bildirilir ki, Naxçıvandakı bütün yoxlamaları Bakıdan ezam olunan xüsusu qrup aparır. Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Gomrük Komitəsində ciddi yoxlamalar aparılıb. Hətta muxtar respublikanın bəzi strukturlarının rəhbərləri özləri ərizə yazaraq işdən azad olunmalarını xahiş etsələr də, onlara yoxlamalar bitənə qədər maddi məsul şəxs kimi iş başında qalacaqları bildirilib.
Ən çox yeyintinin isə Gömrük Komitəsində üzə çıxdığı qeyd olunur. Lakin birmənalı şəkildə demək olar ki, əvvəlki Vergilər Nazirliyinin törəməsi olan Vergi Xidmətində törədilən cinayətlərin həcmi korrupsiya aşkarlanan qurumlardan heç də az deyil.
Məhəmmədəli QƏRİBLİ