"Milli Şuranın sessiyasının keçirilməsindən, Koordinasiya Mərkəzinin üzvlərinin seçilməsindən xəbərim yoxdur”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu söyləyib.
M. Mirəlioğlu Milli Şuranın Koordinasiya Şurasına üzv seçilməməsi ilə maraqlanmadığını da bildirib.
AXCP sədrinin müavini, Milli Şuranın üzvü Fuad Qəhrəmanlı isə APA-ya açıqlamasında deyib ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlərinin fəaliyyət müddəti başa çatıb, buna görə də Koordinasiya Mərkəzinə yeni üzvlər seçilib: "Milli Şuranın sessiyasında Koordinasiya Mərkəzinin üzvləri Milli Şura üzvlərinin irəli sürdükləri namizədlər əsasında seçilib. Kimlərin namizədliyi verilibsə, səsvermə yol ilə onlar seçilib. Milli Şuranın sessiyasında Mirmahmud Mirəlioğlunun namizədliyi irəli sürülməyib”.
Qeyd edək ki, Milli Şuranın Koordinasiya Mərkəzinə seçilən yeni üzvlər arasında KXCP-dən bir nəfər - KXCP sədrinin müavini Oqtay Gülalıyev var.
Üzvü olduğu partiyanın sədrinin namizədliyini irəli sürməməsi barədə məsələyə aydınlıq gətirən O. Gülalıyev APA-ya açıqlamasında bildirib ki, Milli Şuranın yanvarın 24-də keçirilən sessiyası hesabat-seçki yığıncağı olub, bütün strukturlara yenidən seçkilər keçirilib: "Düzdür, KXCP-dən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyünə yalnız mən seçilmişəm. Ancaq Milli Şurada namizədlərin irəli sürülməsi partiya mənsubiyyəti və partiyalar üçün kvota əsasları ilə keçirilmir, Milli Şuraya üzvlük fərdidir. Mirmahmud Mirəlioğluna gəlincə, doğrusu, onun Milli Şuranın Koordinasiya Mərkəzinin üzvlüyünə namizədliyinin irəli sürülməsi və seçilməsi ilə bağlı heç bir problem yoxdur, ola da bilməzdi. Sadəcə, Mirmahmud Mirəlioğlu istəsəydi, namizədliyi irəli sürülərdi və seçilərdi. Yəqin ki, bu sualı Mirmahmud Mirəlioğlu özü cavablandırsaydı, yaxşı olardı”.