Uzun müddətdir Azərbaycanın Qarabağ bölgəsində faydalı qazıntı yataqlarını qanunsuz olaraq istismar edən “Base Metals” şirkəti artıq fəaliyyətini dayandırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qanunsuz olaraq Azərbaycan mədənlərini işlədən əcnəbi şirkətin fəaliyyətinin dayandırılması səbəbinə izah verən erməni mediası yazır ki, “Base Metals” şirkəti müstəqil beynəlxalq ekoloji ekspertiza üçün Qarabağdakı Dəmirli mədənində fəaliyyətini dayandırıb.
Şirkətin yaydığı məlumatda isə azərbaycanlı ekoaktivistlərin Laçın-Xankəndi yolunda keçirdiyi aksiya ilə əlaqədar şirkət rəhbərliyinin mədən fəaliyyətlərini müvəqqəti dayandırdığı və ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət edilməsi ilə bağlı qərar qəbul edildiyi bildirilib.
Qeyd olunub ki, BMT-nin müvafiq strukturlarına və digər aidiyyəti təşkilatlara qısa müddətdə ekspertizanın təşkil edilməsi üçün müraciət edilib.
Burdan da görsənir ki, artıq separatçıların qanunsuz əməllərinə son qoyulur və beynəlxalq ekspertiza ərazidə araşdırma aparacaq. Şübhəsiz ki, beynəlxalq ekspertlərin araşdırması nəticəsində Qarabağda faydalı qazıntı yataqlarımızı qanunsuz istismar edən ermənilərin “Vallex Group” konqlomeratının törəməsi olan “Base Metals” şirkəti tamamilə ifşa ediləcək. 2002-ci ildən Heyvalı kəndi yaxınlığındakı "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağının qanunsuz istismarını həyata keçirən bu şirkətə qarşı beynəlxalq miqyasda tədbir görüləcək.
“…2023-cü ildə bu şirkətə qarşı beynəlxalq hüquq platformalarında biz bir çox iddialar qaldıracağıq”
Mövzuya şərh verən politoloq Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “Base Metals” şirkətinin qanunsuz əməlləri ifşa edilməli, ona qarşı kəskin tədbir həyata keçirilməlidir. “Ümumiyyətlə, “Base Metals” şirkəti beynəlxalq hüququ kobud şəkildə pozub. Hesab edirəm ki, bu şirkət Azərbaycanın suveren ərazilərində separatçılarla əlbir olub dövlətimizin icazəsi olmadan onun təbii sərvətlərini qanunsuz istismar etdiyinə görə 2023-cü ildə bu şirkətə qarşı beynəlxalq hüquq platformalarında biz bir çox iddialar qaldıracağıq. Eyni zamanda, “Base Metals”ın hansısa bir səlahiyyəti yoxdur ki, xaricdən kimisə həmin əraziyə müşahidəyə dəvət etsin. Çünki ora Azərbaycan ərazisidir. Azərbaycan ərazilərində hər hansı bir müşahidə ilə bağlı qərarı yalnız Azərbaycan dövləti verə bilər. Ona görə də artıq ikinci dəfə bu şirkət həddini aşaraq hansısa müşahidəçini ora dəvət edib. Amma istənilən halda, beynəlxalq müşahidəçilər obyektiv və ədalətli olarsa, bugünə qədər Azərbaycanın təbii sərvətlərilə bağlı hansı misilsiz cinayətlər törədildiyi çox aydın şəkildə ortaya çıxar. Ona görə də hesab edirəm ki, əvvəlcə Azərbaycanın öz müşahidə missiyasının mütləq şəkildə orada monitorinqləri bərpa edilməlidir. Onun qarşısını alan separatçılar və onları himayə edən qüvvələr ordakı misilsiz cinayət hadisələrinin üzə çıxacağını yaxşı dərk edirlər. Məhz elə bu prosesdən də yayınmaq, həmçinin orada ortaya çıxacaq kriminaldan diqqəti yayındırmaq üçün Azərbaycanın müşahidə missiyasının monitorinqlərinə şərait yaratmırlar. Amma istənilən halda, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına birdəfəlik son qoyulmalıdır”.
T.İsmayılov hesab edir ki, Azərbaycanın bununla bağlı ortada konkret mövqeyi var, eyni zamanda aktivistlərimiz yarım aydan çoxdur Şuşa-Laçın yolunda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına və ekologiyamıza vurulan zərərə etiraz edirlər. “Bu baxımdan, fikrimcə, artıq aksiyaçılar ilkin qələbəni əldə ediblər ki, “Base Metals” orada istismarı dayandırdığını bəyan edib”-deyə T.İsmayılov qeyd etdi.
Əli TURABOV