Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıbmı? Bəli, tanıyıb. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib:
“Bunun müəllifləri Vardan Oskanyan və Robert Köçəryandır. Serj Sarkisyan və Edvard Nalbandyan isə bu irsi hakimiyyətə gəlmək şərti kimi qəbul etdilər. Həmçinin Robert Köçəryan 1998-ci ildə hakimiyyətə gəlməyin ilkin şərti kimi Qarabağı danışıqlar prosesindən kənarlaşdırdı”.
Bu açıqlamanı nə qədər səmimi hə hüquqi cəhətdən doğru qəbul etmək olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan bu məsələ ilə sadəcə manipulyasiya edir: “Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da bənzər bəyanatla çıxış etmişdi. Ərazi bütövlüyü məsələsinə toxunan Paşinyan qeyd edib ki, 1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak edib və bəyannamə və dövlətlərarası saziş imzalayaraq ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar. Ərazi bötüvlüyü ilə bağlı Paşinyanın dediklərində müəyyən həqiqət payı ola bilər, amma bu formal olaraq belədir. Çünki məhz 1991-ci ildən sonra Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğala məruz qalıb. Üstəlik, müstəqil və guya ərazi bötüvlüyünü tanıdıqları ölkənin ərazisində qondarma qurum yaradılıb və illərlə fəaliyyət göstərib. İndi Ermənistan rəsmiləri bu bəyanatı o səbəbdən yada salır ki, guya daha Azərbaycanın ərazi bütövlüyünü təsbit edən sənədə qol çəkməyə ehtiyac yoxdur. Çünki belə bir sənədin imzalanması Ermənistanın Qarabağın erməni köçmənlər məskunlaşmış ərazilərində “müstəqillik, status” kimi xəyallardan rəsmən çəkinməsi demək olacaq. O səbəbdən Paşinyan və onun komandası düşünür ki, belə bəyanat verməklə Ermənistanı “Qarabağ iddiasından vaz keçməkdən” yayındıra bilər.
Bugünə qədər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı barədə nə yazılı, nə şifahi bəyanat, açıqlama, sənəd yaymayıb. İndi ermənilər MDB-nin formal bir sənədini ortaya atmaqla, birincisi, daxili auditoriya üçün mesaj verir və bununla demək istəyir ki, hələ 30 il öncə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, bu addımı ilk atan mən deyiləm. Digər tərəfdən, bu bəyanat beynəlxalq ictimaiyyətə hesablanmış fikirdir. Ermənistana Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün beynəlxalq təzyiq olarsa, eyni zamanda onlara söyləyir ki, buna artıq gərək yoxdur. 1991-ci ildə Ermənistan MDB-yə qəbul olunmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bir sözlə, bütün bunlar söz oyunundan başqa bir şey deyil. Hazırda müzakirə mövzusu olan sülh sazişindən danışmaq lazımdır. Həmin sazişin əsas şərtlərindən biri tərəflərin qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünü tanımasından ibarətdir. Ermənistan özü üçün bir əlyeri qoyur ki, özünə gələn kimi Qarabağdakı erməni kartından istifadə edib, Azərbaycana qarşı yenidən ərazi iddiası irəli sürsün. Ermənistanın bu məsələdə məkrli niyyəti yoxdursa, niyə Azərbaycanın ərazi bütövlüyünü təkrar tanımağı özünə problem sayır? Azərbaycan sülh sazişi üçün 5 şərt irəli sürüb. Həmin şərtlərdən biri məhz ərazi bütövlüyünün tanınmasıdır. Yaxşı olar ki, Ermənistan keçmişə istinad etməkdənsə, indiki reallıqlara uyğun addım atsın”.
Məhəmmədəli QƏRİBLİ