BMT Təhlükəsizlik Şurası ABŞ-ın sədrliyi ilə Ukraynadakı vəziyyətlə bağlı iclas keçirib. BMT-nin baş katibi Antoniu Quttereş bildirib ki, Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı qəbul edilən bəyanatını alqışlayıb.
Norveçin BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Mona Yuul bildirib ki, BMT Təhlükəsizlik Şurası sədrinin Ukrayna ilə bağlı bəyanat qəbul etməsi baş katib Antoniu Quterreşin problemin sülh yolu ilə nizamlanmaya nail olmaq səylərinə bütün şuranın dəstəyinin ifadəsi idi: “BMT baş katibinin Ukraynadakı müharibənin sülh yolu ilə həllinə nail olmaq səylərində Təhlükəsizlik Şurasının tam dəstəyinə malik olması vacibdir”. Qeyd edək ki, Quterreş Moskva və Kiyevə səfər edib. Əvvəllər o, münaqişənin həlli üçün vasitəçilik xidmətlərini irəli sürüb. BMT Təhlükəsizlik Şurası müharibə başlayandan ilk dəfə olaraq Ukrayna ilə bağlı bəyanat qəbul edib.
Şura sədrinin bəyanatı mayın 10-da keçirilən iclasda təsdiqlənib. Təhlükəsizlik Şurası Ukraynada sülhün və təhlükəsizliyin qorunması ilə bağlı dərin narahatlığını ifadə edir. May ayında BMT Təhlükəsizlik Şurasına ABŞ sədrlik edir.
ABŞ-ın bu yanaşması ciddi diqqət çəkir. Çünki əksər analitiklər hesab edir ki, ABŞ Rusiyanın başının müharibəyə qarışmasında maraqlıdır. Belə olan təqdirdə, niyə BMT-dəki mandatından istifafə edib sülh təşəbbüsü ilə çıxış edir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, ABŞ-ın bu yanaşması təsadüfi deyil: “Gəlin bir faktı qəbul edək ki, bir sıra məsələlərdə Qərblə ABŞ arasında ziddiyyət var. Heç Qərbin bütün ölkələri də Rusiyaya münasibətdə eyni aqressiyanı ortaya qoymur. Hazırda Rusiyaya tətbiq edilən sanksiyaların hansı fəsadlarla nəticələnəcəyini zaman göstərəcək. Amma fakt budur ki, həmin sanksiyalar Putini müharibədən çəkindirə bilmir. Rusiya dirəniş göstərərək müharibənin gedişini uzadır. Bu baxımdan da bəzi ölkələr, xüsusilə də ABŞ fərqli taktikaya əl atıb.
Hazırda dünya birliyinin Rusiya qoşunlarının Ukraynadan çıxarılması istiqamətində çağırışları da fayda vermir. BMT-nin Təhlükəsizlik Şurasında ABŞ-ın təşəbbüsü ilə ilə qəbul edilən sənəd məcburi deyil, tövsiyə xarakteri daşıyır. Bununla ABŞ Avropadan fərqli düşündüyü reveransını yaradır. BMT TŞ-nın icrası məcburi olan bizimlə bağlı 4 qətnaməsi uzun illər icra olunmadı. Bu baxımdan da, qəbul edilən sənədin nəsə fayda verəcəyinə heç ABŞ-ın özü də inanmır. Çünki BMT-də qəbul edilən qərarların icra mexanizmi çox zəifdir. ABŞ sadəcə bu təşəbbüsü göstərməklə özünü sülhün təminatçısı kimi qələmə verməyə çalışır. Fikir versəniz görərsiniz ki, hətta başqasının ölkəsinə soxulan Rusiya belə sülhdən, təhlükəsizlikdən danışır. Hələ də Rusiya Ukraynada müharibə etdiyini boynuna almır. Bunun adına xüsusi əməliyyat deyir. Buna görə də, ABŞ-ın BMT-dəki sülh təşəbbüsü imitasiyadan başqa nəsə deyil”.
Məhəmmədəli QƏRİBLİ