Rusiya Ermənistanda baş verən etirazları İrəvanın daxili işi adlandırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev keçirdiyi brifinqdə bildirib.
O, Rusiyanın Ermənistanın sabitliyində və dinc inkişafında maraqlı olduğunu və bütün mübahisəli məsələlərin dialoq müstəvisində həll edilməli olduğunu vurğulayıb:
"Rusiya, əvvəlki kimi, İrəvanla Bakı arasında təmasları dəstəkləməyi davam etdirəcək, üçtərəfli bəyanatların icrasına, sülh sazişinin bağlanmasına yardım edəcək".
Rusiya Xarici İşlər Nazirliyi, həmçinin, erməni siyasətçiləri ilk növbədə 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi, həmçinin Yerevanla Bakı arasında sülh sazişinin bağlanması vasitəsilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına fəal yardım etməyə çağırıb.
Çox maraqlıdır ki, Ermənistandakı etirazçılar hədəf kimi yalnız Paşinyanı seçiblər və onun istefasını tələb edirlər. Bunu da Paşinyanın Qarabağla bağlı siyasətinin yarıtmaz olması ilə əsaslandırırlar. Maraqlıdır ki, Ermənistan müxalifəti etiraz aksiyalarında bu xüsusda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli sənədlərlə bağlı heç bir mövqe ortaya qoymur. Bu taktikanı nə ilə əlaqələndirmək olar?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Ermənistan müxalifətinin proqramı baş nazir Paşinyan, prezidentlər Əliyev və Putinin imzaladıqları 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı rədd edən tezislərdən ibarətdir: “Sadəcə, bunu açıq bəyan etmək istəmirlər. Bir qədər erməni bicliyi ilə məsələyə yanaşırlar. Bunu Rusiya hiss etdiyi üçün rəsmi şəkildə müxalifətə üçtərəfli razılaşmalara əməl etməyin vacibliyi ilə bağlı xatırlatma edir: “Aprelin sonlarında müxalifətin mitinqlərinin başlanmasından bəri ilk dəfə olaraq, baş nazir Nikol Paşinyana qarşı erməni qüvvələrin siyasi ittifaqı mövcud hakimiyyəti devirməklə həyata keçirmək niyyətində olduğu fəaliyyət planını açıqlayıb.
Mayın 9-da Yerevanda Fransa meydanında keçirilən mitinqdə Milli Assambleyanın keçmiş spikeri İşxan Saqatelyan müxalifətin fəaliyyət planını təqdim edib: Paşinyan hakimiyyətini devirmək, müvəqqəti hökumət formalaşdırmaq və sonra ümumxalq seçkiləri keçirmək.
Müxalifət strateji tərəfdaş ölkələrin cəlb edilməsinə əsaslanaraq Ermənistan Silahlı Qüvvələrini bərpa etmək, keyfiyyətcə yeni diplomatiya yaratmaq, Azərbaycanın tərkibində Qarabağın statusunu və Ermənistanla etibarlı quru əlaqəsi olmadan anklav vəziyyətini istisna etməklə, Ermənistan Respublikasının Qarabağın təhlükəsizliyinin və Qarabağın özünü müəyyənetmə hüququnun təminatçısı olmağa sadiqliyini təsdiqləmək, 1994-cü il ATƏT formatında və məqsədləri çərçivəsində danışıqlar prosesini bərpa etmək niyyətindədir.
Saqatelyan qeyd edib ki, yeni hakimiyyət Ermənistanın suverenliyi və ərazi bütövlüyü hesabına kommunikasiyaların açılması adı altında dəhlizlərin verilməsini, Azərbaycan tərəfdən güc tətbiqilə sərhədlərin demarkasiyasını istisna etməlidir, Ermənistan-Türkiyə münasibətlərində "erməni xalqının vətəndən məhrum edilməsi və soyqırımın tanınması faktını şübhə altına alan hər hansı saziş istisna ediləcək. Vətən Partiyasının sədri Artur Vanesyan isə 2020-ci ildə ermənilərin məğlubiyyətə qədər qeyd etdikləri "Şuşanın azadlığı" bayramını bərpa etməyə çağırıb.
Göründüyü kimi, müxalifətin proqramı baş nazir Paşinyan, prezidentlər Əliyev və Putinin imzaladıqları 9-10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı rədd edən tezislərdən ibarətdir. Sadəcə, Rusiyanın qəzəbinə tuş gəlməmək üçün bunu ayrı-ayrı tezislər şəklində dövriyyəyə buraxırlar”.
Məhəmmədəli QƏRİBLİ