Qazaxın 7 kəndi və Kərkinin qaytarılması delimitasiya prosesinin tələbinə uyğun aparılacaq. Bu fikirlər xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən səsləndirilib.
O bildirib ki, Qazax rayonunun 7 kəndi və Kərki ilə bağlı məsələ delimitasiya prosesi çərçivəsində həllini tapmalıdır:
“Ermənistan heç vaxt bəyan edə bilməz ki, bu ərazilər Azərbaycan ərazisi deyil. Bu ərizələr Azərbaycan ərazisidir. Bu ərazilərin Azərbaycanın tərkibinə qaytarılması delimitasiya prosesi tələb etdiyi üçün məsələyə bu çərçivədə baxılacaq. Bu ərazilərin Azərbaycanın tərkibinə keçməsi müzakirə olunub öz həllini tapacaq”. Beləliklə, bu fikirdən bəlli olur ki, sərhədlərin müəyyən edilməsinə başlandıqdan sonra Azərbaycan Qazaxın 7 kəndi və Kərki üzərində nəzarəti bərpa edəcək. Bu da o deməkdir ki, sərhədlərin müəyyən edilməsi müstəsna əhəmiyyət kəsb edir, Ermənistanda qalan ərazilərin ölkəmizin nəzarətinə qaytarılmasında zəruri önəmə malikdir. Daha bir maraqlı məqam budur ki, Ermənistan özü də sərhədlərin müəyyən olunmasına razıdır. Elə Xələf Xələfov da qeyd edir ki, Brüssel görüşündən sonra Ermənistan tərəfinin sülh sazişinə və delimitasiya prosesinə razılıq verməsi qənaəti var. Xarici işlər naziri Ceyhun Bayramov isə vurğulayır ki, Azərbaycan sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın tərkibi ilə də bağlı Ermənistana təkliflər verib: "Aprelin 6-da Brüsseldə Azərbaycan prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurası prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri ondan ibarət idi ki, sərhədlərin delimitasiyasının həyata keçirilməsi ilə bağlı komissiya yaradılsın. Komissiyanın aprel ayının sonuna qədər ilk iclasının keçirilməsi planlaşdırılırdı. Bundan sonra hələ görüş keçirilməmişdən öncə mənim Ermənistanın xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Telefon danışıqları zamanı biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesində digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərin fərqlərini nəzərə alaraq, təklifimiz o idi ki, komissiya fərqli formatda təşkil edilməlidir. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs baş nazirin müavini səviyyəsində olsun. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqla qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”.
Beləliklə, sərhədlər müəyyən edildikdən sonra Qazaxın Ermnistanda qalan 7 kəndi və Kərki üzərində nəzarət bərpa ediləcək. Bu, üçtərəfli bəyanatlarda da təsbit edilib. 10 noyabr sənədində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi, işğal altında saxlanılan Naxçıvanın Kərki kəndinin və Qazax rayonunun 7 kəndinin geri verilməsi kimi məsələlər öz əksinin tapıb. Bunlar fonunda sərhədlərin müəyyən edilməsinə Ermənistanın revanşist qüvvələri razılıq vermək istəmir. Erməni siyasi ekspert David Şahnazaryan bu fonda daha öncə etiraf edib ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesi başlasa, Gorus-Qafan marşrutu ilə analoji olaraq Azərbaycan sərhəd və gömrük məntəqələri Kərki və Əskipara kəndlərindəki məntəqələrdə də peyda olacaq: “Türkiyə və Azərbaycanın irəli sürdüyü şərtləri faktiki olaraq Ermənistan hakimiyyəti qəbul edib. Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etməsi, Osmanlı imperiyasında “erməni soyqırımı”nın beynəlxalq aləm tərəfindən tanınması prosesindən imtina edilməsidir. Ermənistan hakimiyyəti bütün bu şərtləri operativ şəkildə yerinə yetirməyə çalışır”. Ümumiyyətlə, Ermənistanda anklavlar mövzusunu gündəmdən çıxarmağa çalışırlar. Amma demarkasiya və delimitasiya məsələləri fonunda Azərbaycan məsələni gündəmdə saxlayır. Bundan başqa, Naxçıvan istiqamətində olan Kərki kəndi Ermənistan-İran magistral yolu, Qazax istiqamətində olan kəndlər isə Ermənistan-Gürcüstan magistral yolunun üzərində yerləşir. Rəsmi İrəvan Naxçıvana aparan yolun dəhliz statusunda olmadığını bildirərkən, suveren ərazilərdən danışarkən həmin kəndlərin müharibə zamanı işğal edildiyini, Azərbaycana məxsus olduğunu yaxşı bilir. Üstəlik, həmin kəndlərdən keçən magistral yolların dəhliz funksiyası daşımasını da yaxşı anlayır və hazırda Gorus-Qafan yolunda əldə edilən təcrübədən nəticə çıxararaq həmin yollara alternativ yollar inşa edilməsi üçün layihələr hazırlayır. Bununla belə, Azərbaycan məsələni qəti qoyur, anklavların geri qaytarılacağını bildirir. Ermənilər delimitasiya və demarkasiya məsələsindən buna görə yayınmaq istəyir, sovet dövründə qanunsuz olaraq zəbt etdiklərinin əllərindən alınacağından qorxurlar. Lakin başqa çıxış yolu olmadığını da bilirlər.
Samirə SƏFƏROVA