Məlum olduğu kimi, 9 May ilə bağlı psixoz nəhayət keçdi. Ukrayna təslim olmadı, Rusiya Donbası tamamilə işğal edə bilmədi. Halbuki, bu yöndə müəyyən gözləntilər var idi. Güman edilirdi ki, 9 maya qədər rus ordusu Donbasın inzibati sərhədlərinin işğalını başa çatdıracaq.
Eyni zamanda, “Azovstal” zavodunda müqavimətin qırılacağı ilə bağlı gümanlar da özünü doğrultmadı. Reallıq odur ki, Rusiya Ukraynanın bütün ərazisini, o cümlədən paytaxt Kiyevi ələ keçirmək üçün müharibənin birinci mərhələsini uduzdu. Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsi üzrə müharibənin ikinci mərhələsinin həyata keçirilməsi də dalana dirənib.
Bu və digər səbəblərdən hamı gözləyirdi ki, 9 May paradında Rusiya prezidenti Vladimir Putin Ukraynaya rəsmən müharibə elan edəcək. O cümlədən, bununla əlaqədar ölkədə ümumi səfərbərlik elan edəcək. Ancaq bunların heç biri baş vermədi. Nə rəsmən müharibə elan edildi, nə də səfərbərlik. Üstəlik diqqəti çəkən məqam odur ki, Putin paraddakı on dəqiqəlik çıxışında Ukraynada “Xüsusi əməliyyatın keçirildiyi” fikrini bir dəfə də olsun işlətmədi. Hansı ki, fevralın 24-dən Ukraynaya hücum bu adla elan edildi.
Maraqlıdır, nə baş verir? Bunu Rusiyanın Ukrayna siyasətində geriləmə, durğunluq kimi dəyərləndirmək olarmı?
“Ümumiyyətlə, “xüsusi əməliyyat” dedikləri işğal planı arzuladıqları kimi reallaşmadı”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Rusiyanın Ukraynada öz hərbi məqsədlərinə çatmaması və Qərbin kollektiv şəkildə bu ölkəyə silah tədarükü Kremlin ciddi şəkildə itki verməsi ilə nəticələnir. Görünən odur ki, Rusiyanın B planı da artıq fiaskoya uğryaır. Bu plana əsasən, Ukraynanın cənub-şərqini işğal edib, qondarma “respublikaları” birləşdirəcəkdi. Söhbət Moldovadakı separatçı Dnestryanı ilə quru əlaqəsinin yaradılmasından gedir. Ancaq Ukraynanın əks-hücumları, Odessa ətrafında müdafiənin gücləndirilməsi buna imkan vermədi. Bütün bunlar Rusiya qüvvələrinin geri çəkilməsi və itki verməsi ilə nəticələnir. Ona görə də Putin paradda geniş şəkildə fərəhlə Ukrayna barədə danışa bilmədi. Çünki ümumiyyətlə, “xüsusi əməliyyat” dedikləri işğal planı arzuladıqları kimi reallaşmadı. O üzdən, nə müharibə, nə də səfərbərlik elan edildi. Putin hazırda çalışır ki, heç olmasa minimum hədəflərinə nail olsun. Ancaq ballistik raketlərlə Ukraynanın şəhərlərinə zərbə endirməklə sadəcə dağıdıcılıq edir. Bu isə həm Putinə, həm də Rusiyaya qarşı dünyada nifrəti daha da artırır. Ümumiyyətlə, Rusiya Ukraynada ümumən məğlub olub. Kiyevin əsas vəzifəsi rus qoşunlarının ölkə ərazindən çıxarılmasıdır. Bunu artıq Putin də başa düşür və bu istiqamətdə məğlubiyyətin qaçılmaz olduğunun fərqindədir. Bu müharibədə məğlubiyyət Moskvanın geri addım atmasına gətirəcək. Demək olar ki, çıxışlarda biz bunun şahidi oluruq”.
Bir sözlə, politoloq proseslərin sürətlə Rusiya əleyhinə işlədiyi qənaətindədir.
Vidadi ORDAHALLI