Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya altı bənddən ibarət təklif göndərib. Bu barədə erməni jurnalistlərlə söhbətində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib. O, təkliflərin nədən ibarət olduğunu açıqlamayıb.
“Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, – deyə Qriqoryan bildirib.
Qeyd edək ki, Azərbaycan danışıqların başlaması üçün Ermənistana 5 bənddən ibarət təklif göndərib. Bu təkliflər aşağıdakılardır:
Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;
Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;
Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
Maraqlıdır, Azərbaycanın 5, Ermənistanın isə 6 sülh təklifini birləşdirmək olarmı?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın verdiyi 5 təklifin 3-ü beynəlxalq hüquqa, 2-si isə imzalanan birgə Bəyanata əsaslanır: “Bunun qarşılığında Ermənistanın irəli sürdüyü 6 təklifin mahiyyəti hələ məlum deyil. Ancaq bir şey aydındır. Ermənistan nəyin bahasına olursa-olsun, Qarabağın statusu məsələsini sülh sazişinə salmaqda israrlıdır. Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, deyir ki, Qarabağdakı ermənilərin məsələsi ərazi problemi deyil, hüquqi mövzudur. Ermənilərin təhlükəsiz şəraitdə Qarabağda qalıb yaşaması üçün mütləq mənada statusun verilməsini istəyirlər. Çox təəssüf ki, Qərbin də mövqeyi budur. Paşinyan bu təklifi öz adından deyil, Qərbdəki dostlarının adından səsləndirdi. Qarabağ erməniləri bunu böyük etirazla qarşıladı. Əslində etirazı biz etməliydik. Maraqlıdır ki, bəziləri bunu böyük sevinclə qarşılayıblar. Hesab edirlər ki, ermənilər geri çəkilir. Ancaq bu sevinci elan edənlər Qarabağın statusu ilə bağlı məsələyə aydınlıq gətirmirlər. Yalnız Ermənistanın bizim ərazi bütövlüyümüzü tanıdığına işarə edirlər. Qərbə tərifnamə söyləməklə kifayətlənib, status təklifini tənqid etmirlər. Bu təklifləri birləşdirmək olmayacaq. Hətta ümumən 10 baza təklifi kimi qəbul edilsə də, Ermənistan status məsələsinin sənəddə yer almasına israr edəcək. Ermənistan sülh danışıqlarını kifayət qədər çətin duruma salıb. Bu təklifləri verməklə danışıqlar prosesini ağır dalana yönəldib. Buradan çıxmaq inanmıram mümkün olsun”.
Məhəmmədəli QƏRİBLİ