Xeyli vaxtdır maraqla gözlənilən 9 May paradı Moskvada olduqca sönük keçib. Putinin çıxışında, gözlənilənlərin əksinə olaraq, hər hansı yeni qərar, gələcək addımlar barədə heç nə deyilməyib.
Rusiya başçısı növbəti dəfə ölkəsinin Donbasın azadlığı uğrunda savaşdığını, Ukraynadakı “millətçi və neonasistlərlə” mübarizə apardığını bildirib. Putin qeyd edib ki, bugünkü paradda iştirak edənlər arasında Donbasdakı döyüşlərdən birbaşa Moskvaya gələn hərbçilər var. Həmçinin bildirib ki, Ukraynadakı müharibədə həlak olanların ailələrinə hərtərəfli yardım göstəriləcək.
Putun növbəti dəfə Qərbi və NATO ölkələrini Ukrayna ordusuna təlim keçməkdə, onu silahla təmin etməkdə günahlandıraraq bildirib ki, Rusiya “vaxtında” hərəkətə keçməsəydi, Donbas əhalisinə qarşı hücum həyata keçiriləcəkdi.
Bir sözlə, Rusiya başçısı bu şablon xarakterli çıxışında yeni və əvvəlkilərdən fərqli heç nə deməyib. Baxmayaraq ki, onun məhz bu paradda səfərbərlik və Ukraynaya, hətta NATO-ya qarşı rəsmən müharibə elan edəcəyinə, növbəti dəfə nüvə hədə-qorxusu gələcəyinə dair iddialar var idi.
Maraqlıdır ki, 11 min hərbçinin iştirak etdiyi və kifayət qədər sönük təsir bağışlayan paradda hərbi hava qüvvələrinin təyyarələri iştirak etməyib. Putinin sözçüsü Dmitri Peskov bunu, guya hava şəraitinin münasib olmaması ilə izah edib. Eyni zamanda paradda faşizm üzərində qələbədə payı olan ölkələrin rəhbərləri də iştirak etməyib.
Builki paradın belə sönük keçməsinin səbəbini nə ilə izah etmək olar?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 1945-ci il 9 May qələbəsindən sonra SSRİ-də böyük çətinliklər, iqtisadi böhran hökm sürüb:
“Sonrakı dönəmdə soyuq müharibə, Əfqanıstanla savaş olub. Bunlara baxmayaraq, qələbə paradı hər zaman yüksək səviyyədə keçib. SSRİ dağılandan sonrakı dönəmdə də parad bir qədər zəif keçdi. Putin hakimiyyətə gələndən sonra 9 May hərbi paradına çox böyük önəm verməyə başladı. Hətta SSRİ-nin bayrağını hərbçilərin döyüş bayrağı kimi qəbul etdirdi. Dünənki paradın zəif keçirilməsinin başlıca səbəbi Rusiya-Ukrayna müharibəsidir. Rusiya ilə Ukrayna qardaş xalqlardı. Rusiya ziyalıları gözəl anlayır ki, Rusiyanın Ukrayna ilə müharibə etməsi böyük yanlışlıqdır. Krım və Donbasın işğalını Rusiya cəmiyyətinin bir qismi qəbul edirdisə, Kiyevə hücumu əksəriyyət pisləyir. Keçmiş SSRİ ölkələri də Rusiyanı bu məsələdə dəstəkləmir. Dünyanın böyük ölkələri Rusiyaya embarqo qoyub. Bu da Rusiyanın öz daxilində belə gərginlik yaradıb. Artıq bu bayrama da münasibət dəyişib. Artıq bizdə də deyilir ki, həmin müharibə bizim üçün vətən müharibəsi anlamını daşıya bilməz. Bizim bir çox qəhrəmanlarımıza ali təltiflər verilməyib. Artıq bizim vıtəndaşlarımız 44 günlük müharinəni Vətən müharibəsi kimi qəbul edir. Rusiya xalqların bu müharibədəki rolunu dandığı üçün belə mənzırə yaranır. Sovet ordusunun ən böyük varisi olan Ukrayna hazırda həmin ordunun qalıqları tərəfindən hücuma məruz qalır. Bütün bu amillər son paradın sönük keçməsinə səbəb oldu”.
Məhəmmədəli QƏRİBLİ