Hansı sahədə təmsil olunmağımızdan asılı olmayaraq, peşə etikasına riayət etmək ümdə vəzifəmizdir. Peşə etikası bütün peşələrə tətbiq olunan bir sıra normalardan, qaydalardan ibarətdir.
Mütəxəssislər yaxşı deyirlər ki, peşə etikası insanların peşə fəaliyyəti ilə əlaqədar aralarındakı münasibətlərin mənəvi xarakterini təmin edən davranış kodeksidir. Jurnalistlərin də böyük ənənələrdən, hüquqi, ictimai-siyasi, mənəvi əsaslardan pöhrələnən peşə etikası var. Birmənalı olaraq peşə etikası jurnalistikanın təməl prinsipidir və bütün media subyektləri, media təmsilçiləri bu prinsipə əməl etməlidir. Hər bir jurnalist həm öz sosial-ictimai məsuliyyətini dərk etməli, həm peşəkarlıq səviyyəsini artırmalı, həm də peşə prinsipinin digər yönlərinə sadiq qalmalıdır. Bu mənada həm jurnalistlərin, hər bir media subyektlərinin çiyinlərinə böyük yük düşür.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi də jurnalist peşəkarlığının artırılması istiqamətində müxtəlif vacib fəaliyyətlər, layihələr həyata keçirir. Müasir medianın informasiya siyasəti, xəbər növlərinin, media subyektlərinin çeşidləri artıb. Bu baxımdan, müasir jurnalistikanın tələblərinə uyğun peşə etikası formalaşır. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təqdim etdiyi vacib sənədlərdən biri “Redaksiya siyasəti və peşə etikası Qaydaları”dır.
“Bakı-Xəbər” qəzetinin redaksiyasında “Redaksiya siyasəti və peşə etikası Qaydaları”nı nümunəsinin geniş müzakirəsi keçirildi.
Qəzetin baş redaktoru Aydın Quliyev mövzu ətrafında geniş söhbət etdi və jurnalistlərin peşə qaydaları barədə yenilikləri əməkdaşlarımızın diqqətinə çatdırdı. A.Quliyev bildirdi ki, hər bir redaksiyada, hər bir jurnalistin fəaliyyətində, davranışında peşə etikası əsas götürülməlidir. “MEDİA-nın həyata keçirdiyi layihələrin sırasında “Redaksiya siyasəti və peşə etikası Qaydaları”nın xüsusi yeri var. Redaksiyanın müzakirəsinə təqdim edilən peşə etikası qaydaları media subyektləri və jurnalistlər üçün olduqca vacib bir istinad mənbəyidir. Sizin hər biriniz bu sənədlə tanışsınız. Unutmayın ki, jurnalist, hansı media subyektində çalışmasından asılı olmayaraq, ictimai məsuliyyət daşıyır. Əlbəttə, qaydalarda dövrün tələblərinə uyğun yeniliklər var ki, onlar da çağdaş jurnalistin fəaliyyətinin əsasını təşkil edir”.
İclasda qəzetin baş redaktor müavinləri Tahir Tağıyev, Samirə Səfərova, müxbirlərdən Məhəmmədəli Qəribli, Vidadi Ordahallı, Günel Cəlilova, İradə Sarıyeva, əməkdaşlarımız Saleh Mehdiyev, Ülviyyə Nağıyeva iştirak etdi və qaydalarla tanış olduqlarını qeyd etdilər.
Tahir Tağıyev: “Hər birimiz bu qaydalara əməl etməliyik”
“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Tahir Tağıyev də müzakirədə fikir bildirdi. T.Tağıyev qeyd etdi ki, redaksiya siyasəti dövlətə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə uyğun qurulmalıdır və heç bir jurnalist və media subyekti buna zidd hərəkətlərə yol verməməlidir. “Yeni qaydalarda jurnalistin peşə fəaliyyətinin bütün istiqamətləri, konturları cızılıb və biz hər birimiz bu qaydalara əməl etməliyik”.
Samirə Səfərova: “Burada media mənsubunun riayət etməli olduğu elə bir məsələ yoxdur ki, ona toxunulmasın”
“Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərova da redaksiyada müzakirəsi keçirilən peşə etikası qaydalarını müsbət dəyərləndirdi. Qeyd etdi ki, qaydalarla tanışdır və burada əks olunan müddəaların hər biri jurnalistlər və media subyektləri üçün çox gərəklidir. “Mən də sizin kimi peşə etikası qaydaları ilə tanış oldum. Burada media mənsubunun riayət etməli olduğu elə bir məsələ yoxdur ki, ona toxunulmasın. Xüsusən də, informasiya alınan mənbənin səhihliyinə, mənbənin aydın təqdim edilməsi məsələsinə jurnalist böyük əhəmiyyət verməlidir. Mənbəyini bilmədiyi informasiyanı yaymamalıdır. Bu baxımdan hesab edirəm ki, qaydalarda əks olunan hər bir müddəaya bizlər əməl etməliyik, edirik də”.
Qəzetin əməkdaşı İradə Sarıyeva isə qeyd etdi ki, “Bakı-Xəbər” qəzetinin baki-xeber.com saytında “Peşə etikası” bölümü yaradılması çox yaxşı haldır və nəinki qəzet əməkdaşları, eləcə də oxucular belə həmin bölümə daxil olub jurnalsitin peşə etikası barədə məlumat alırlar.
MEDİA-nın həyata keçirdiyi islahatların hər birimizin xeyrinə olduğunu deyən qəzetin əməkdaşı Məhəmmədəli Qəribli də “Redaksiya siyasəti və peşə etikası Qaydaları” ilə tanış olduğunu dedi. Onun sözlərinə görə, media ilə bağlı olan hər kəs bu qaydaları dərindən mənimsəməlidir. Digər əməkdaşlarımız Günel Cəlilova, Vidadi Ordahallı, Ülviyyə Nağıyeva və Saleh Mehdiyev də qeyd etdilər ki, peşə etikası qaydalarında əks olunan bütün məsələlər jurnalist yaradıcılığının yolunu aydınladır. Burada müəllif hüquqlarının qorunması, plagiatlıqla mübarizə kimi anlayışların da yer alması jurnalistlərin və media subyektlərinin bu səhvlərə yol verməli olmadığını göstərir.
“Redaksiya siyasəti və peşə etikası Qaydaları”nın nümunəsi müzakirə edildikdən sonra qəbul edildi.
“Bakı-Xəbər” ailəsi olaraq biz gəldiyimiz uzun yolda hər zaman peşə etikasının bütün qaydalarına əməl etmişik və onu fəaliyyətimizin ana prinsipinə çevirmişik. Bu gün də bu yolu tuturuq və fəaliyyətimizi mövcud peşə etikası qaydalarına uyğun qururuq.
İradə SARIYEVA