Ermənistanda hökumətin devrilməsi üçün müxalifətin başlatdığı mübarizə ölkənin ictimai-siyasi həyatını tədricən iflic edir. Baş verənlərlə bağlı bu ölkənin “Qraparak” nəşri yazır ki, müxaliflərin aksiyası nəticəsində İrəvanda həyat iflic olub, müxtəlif qruplar müxtəlif yerlərdə küçələri bağlayaraq dinc itaətsizlik aksiyaları keçiriblər: “Bu aksiyalar bəzi yerlərdə Nikol Paşinyanın şəxsi mühafizə polisinin müdaxiləsi nəticəsində qarşıdurmaya çevrilib. Müxalifət liderləri hakimiyyətin uzaqlaşdırılmasının zaman məsələsi olduğuna əmin edərək yeni mübarizə, itaətsizlik aksiyaları dövrü elan ediblər.
Bir neçə gündür müxalifət cəbhəsinin nümayəndələri müxtəlif etiraz aksiyaları keçirirlər. Mübarizə mərkəzdənqaçma şəklində gedir, hər bir qüvvə özünəməxsus maarifləndirmə və təbliğat işi aparır. Öncə, Pasxa bayramında “Şərəf duyuram” fraksiyasının lideri Artur Vanetsyan gözlənilmədən Azadlıq meydanında oturaq aksiya elan edərək mübarizəyə çıxıb, hətta onun fraksiyasının bəzi üzvlərinin belə bundan xəbəri olmayıb. Daha sonra 44 günlük müharibənin iştirakçıları aclıq aksiyasına başlayıblar, ölmüş hərbi qulluqçuların valideynləri, “5165” və “Azadlıq” hərəkatları onların mübarizəsinə qoşulub, ötən həftənin əvvəlindən isə “Hayastan” qruplaşması İrəvana yürüşə başlayıb”. Bu fonda Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasını tələb edən müxalifət qüvvələrinin taktikasına münasibət bildirib. Paşinyan parlamentdə hökumət saatında hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Vaaqn Aleksanyanın sualını cavablandırarkən deyib: “Keçmiş hakimiyyət o vaxtkı müxalifətin 2018-ci il inqilabına gülürdü, indi isə həmin inqilab taktikasını kopyalayırlar. İndiki müxalifət hakimiyyət başında olarkən “məxməri inqilab”ın küçə yürüşlərini məsxərəyə qoyurdu, indi özləri rayonlardan İrəvana qədər belə yürüşlər həyata keçirirlər. Onlar etirazçıların o zaman geydiyi bel çantalarına da gülürdülər, lakin indi şəhər mağazalarında bel çantaları ikiqat bahalaşıb. Yəqin satıcılar görüblər ki, yeni müştərilərin pulu çoxdur. İndi onlar etiraf etməlidirlər ki, ya özləri dövlət çevrilişi istəyirlər, ya da biz hakimiyyətə demokratik yolla gəlmişik”. Paşinyan xəbərdarlıq edib ki, demokratiya dövlətin zəifliyi demək deyil və kritik pozuntular baş verərsə, dövlət aparatı bu pozuntuların qarşısını almaq üçün bütün ciddiliyi ilə hərəkət edəcək. Çıxışında Paşinyan Qarabağ məsələsinə də toxunub: “Danışıqlar prosesini Serj Sarkisyan uğursuzluğa düçar etdi. O, 2018-ci il aprelin 17-də bunu etiraf edərək bildirib ki, danışıqlar prosesi nikbinlik yaratmır, daha doğrusu, dayandırılıb, çünki Azərbaycanın tələbləri bizim üçün qəbuledilməzdir və Sarkisyan bu tribunadan gələcək müharibəni elan edib. Biz uzun müddətə ümid etməməliydik ki, Azərbaycan məsələni müharibə yolu ilə həll etməyəcək. 2020-ci il sentyabrın 27-də mən parlamentin tribunasından dedim ki, müharibəni indi dayandıra bilərəm, bunun üçün bir şərt var – Dağlıq Qarabağı Azərbaycanın tərkibində tanımaq lazımdır. Bunu Serj Sarkisyanın məntiqi ilə bağlasaq, belə çıxır ki, müharibəni dayandırmaq üçün Azərbaycanın qəbuledilməz şərtlərini qəbul etmək və Arsaxı Azərbaycanın bir hissəsi kimi tanımaq lazım idi. Qeyd etmək istəyirəm ki, Ermənistan hakimiyyəti o vaxt “Madrid prinsipləri”ni danışıqlar üçün əsas kimi qəbul etməklə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımışdı və mən bunu sübut edəcəm. İndi çox önəmli bir şey aydın olacaq”.
Müxalifətçi deputat Armen Rüstəmyan buna cavab olaraq bildirib ki, günahı keçmiş hakimiyyətin üzərinə atmaq indiki hakimiyyətin hərəkətlərinə haqq qazandırmır. O qeyd edib ki, Paşinyan özü də “Qarabağın Azərbaycandan kənarda mövcudluğunun perspektivini görmədiyini” bəyan edib. Paşinyan Rüstəmyana cavab vermək istəyəndə müxalifət deputatları iclas zalını tərk etməyə başlayıblar. Paşinyan iqtidaryönlü deputatların alqış sədaları altında müxalifətçi deputatlara səslənib: “Ah, qulaq asmaq istəmirsiz. Belə de. Həmişə qaçdığınız kimi, həmişə də qaçacaqsınız”. Bütün bunlar fonunda hesab edilir ki, Ermənistanda hakimiyyət-müxalifət qarşıdurması daha da kəskinləşəcək. Məsələ ilə bağlı “armenianreport” portalı yazır: “Artıq bir neçə gündür ki, Ermənistanda vətəndaş itaətsizliyi aksiyası keçirilir. Onların əsas təmsilçiləri Köçəryan, Sarkisyan və Vanetsyanın simasında barışmaz müxalifətdir. İrəvanda iğtişaşlar törədənlər küçələri bağlayır və asayiş keşikçiləri ilə mübarizə aparır, mövcud hökumətin istefasını tələb edirlər. Ancaq bu insanları küçələrə çıxaranlar tamam başqa məqsədlər güdürlər, yəni şəxsi varlanma məqsədilə hakimiyyəti ələ keçirmək və Paşinyanın onları məruz qoyduğu 4 illik rəzalətin qisasını almaq. Onlar xalqı, ölkəni, Qarabağı düşünmürlər. Köçəryan və Sarkisyan hər biri 10 il Ermənistana rəhbərlik edib, bəs biz onların dövründə daha yaxşı yaşamışıqmı? 20 il Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnun qanuniləşdirilməsi işində uğur qazana bilməyib ölkəni və bizi talayıblar. Və gəlin bir anlıq təsəvvür edək ki, hakimiyyətə qayıtsalar nə edəcəklər. Qarabağ üçün Azərbaycan və Türkiyə ilə müharibəyə başlayacaqlarmı? Amma burada hər şey göz qabağındadır - birincisi, bizim yeni müharibə üçün gücümüz yoxdur, ikincisi, Rusiya və Avropa Ermənistanın Qarabağı işğal etməsi faktını qəbul edib. Birinci biz müharibəyə başlasaq, Rusiyaya qarşı sanksiyaları Ermənistana da tətbiq edəcəklər. Odur ki, hazırda və növbəti illər üçün bizim əsas vəzifəmiz Qarabağda qalan ermənilərin buradan çıxmamasını təmin etməkdir. Təəssüf ki, bundan artığını edə bilmərik. Amma Köçəryan və Sarkisyan bu barədə ucadan danışmamağa çalışır, Ermənistana və Qarabağa xəyanət ittihamları ilə anti-Paşinyan əhval-ruhiyyəsini qızışdırmağa üstünlük verirlər. Müxalifət ölkə əhalisinin vəziyyətinin yaxşılaşdırılmasından yox, Paşinyanın devrilməsindən öz məqsədi kimi danışır. Onların tutarlı iqtisadi proqramı yoxdur. Çünki quldurlar və korrupsionerlər buna malik ola bilməzlər. Sarkisyanın adamları bizi inandırmağa çalışanda mənə gülməli gəlir ki, guya onların rəhbəri artıq yüksək vəzifəyə iddialı deyil. Əlbəttə, biz demokratik cəmiyyətdə yaşayırıq. Bu həm də 2018-ci il inqilabının sayəsində mümkün olub, hər kəsin sərbəst toplaşmaq hüququ var. Hakimiyyətin siyasəti ilə razılaşmayan istənilən Ermənistan vətəndaşının etiraz aksiyalarında iştirak etmək hüququ var. Ancaq indiki aksiyalarda biz xalqın iradəsi ilə deyil, birincilərin insanların narazılığından öz şəxsi məqsədləri üçün istifadə etmək cəhdindən danışırıq. Müxalifət lazımdır. Amma bu müxalifət bütün əli barmaqları ilə udmağa hazır olanda cəmiyyət və bütövlükdə ölkə üçün son dərəcə təhlükəlidir. Köçəryan-Sarkisyan cütlüyü məhz buna can atır. İndi bizim üçün ən vacib şey onların tələsinə düşməməkdir. Əks halda bizi məhv edəcəklər”.
Samirə SƏFƏROVA