Qarabağda yerləşən sülhməramlıların qolunda kvadrat içində “Z” hərfli şevron olan şəkillər yayılıb. Bu da ölkədə geniş müzakirələrə səbəb olub. Aydın görünür ki, bölgədə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları bununla öz missiyalarından kənara çıxırlar.
Məlum olduğu kimi, “Z” simvolu ilə dünya ictimaiyyəti Ukraynanın işğalı ilə tanış oldu. Belə ki, “Z” işarəli qruplar Xerson və Mariupol istiqamətində gedən döyüşlərdə uğur qazanıb. Kvadrat içində “Z” simvolu ilə döyüşən qruplar isə Xarkov istiqamətində cəmləşdi. Ancaq onların elə də uğuru olmadı. Onu da qeyd edək ki, “Z” və kvadrat içində “Z” fərqli ordu birləşmələridir. Bəzi mənbələrdə “Z” hərfinin Rusiyanın qərb hərbi bölgəsini ifadə etdiyi deyilir. Ancaq Azərbaycandakı müvəqqəti sülhməramlılar Rusiyanın cənub hərbi bölgəsini təmsil edir. 10 noyabr razılaşmasına görə, Qarabağda 1960 nəfər rus əsgəri yerləşdirilib. Sülhməramlılar əsasən Pskov diviziyası kimi tanınan 76-cı qvardiya hava-desant hücum diviziyasının 104-cü hava-desant alayının 31-ci briqadasından təşkil olunub. Ümumən, rus ordusunun hava-desant qruplarının şevronlarında “Z” hərfi yoxdur. Nişanlar tamamilə başqa-başqadır.
O zaman “Z” hərfli şevronlar Qarabağ sülhməramlılarının qolunda nə gəzir? Bununla onlar nə demək istəyir?
“Kvadrat içində “Z” hərfli simvolların Qarabağa daşınması bizim üçün müəyyən mənada narahatlıq doğurmaya bilməz”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmli hesab edir ki, bununla Rusiya separatçıların yanında olduğunu göstərir: “Ukraynada baş verən hadisələr, separatçı Dnestryanı bölgədə yaşananlar Rusiyanın əsl simasını ortaya qoyur. Bu, Kremlin keçmiş SSRİ ilə bağlı düşüncələrini xatırladır. Rusiyanın məqsədi odur ki, əvvəlki ittifaqı bərpa etsin. Bu məsələdə Kreml separatçı regionlardan bir təzyiq vasitəsi kimi istifadə edir. Baxmayaraq ki, Ukraynaya təcavüzə görə bu ölkəyə güclü təzyiq var. Qərb ölkələri başda olmaqla, bir sıra ölkələr Rusiyaya yönəlik ən sərt embarqoları tətbiq edirlər. Rus sülhməramlıların timsalında kvadrat içində “Z” hərfli simvolların Qarabağa daşınması bizim üçün müəyyən mənada narahatlıq doğurmaya bilməz. Bu baxımdan hesab edirəm ki, hərtərəfli təcrid olunmuş, təzyiq altında olan Rusiyadan nə desən gözləmək olar. Çünki zəmanət yoxdur ki, Rusiya bu amildən istifadə edib hansısa təxribatlara getməsin. O baxımdan hesab edirəm ki, Azərbaycan son dərəcə ayıq-sayıq olmalıdır”.
Hərbi ekspertin fikrincə, imkan vermək olmaz ki, bu minvalla Rusiya öz məkrli planlarını Qarabağda həyata keçirsin.
Vidadi ORDAHALLI