Ukraynada cərəyan edən hadisələrin təhlili burada artıq Qərb-Rusiya müharibəsinin getdiyini deməyə əsas verir. Qərbin Ukraynanı ağır hərbi texnika, o cümlədən aviasiya vasitəsilə təmin etməyə başlaması da bunu təsdiq edir.
Hazırda Rusiyada da etiraf edirlər ki, Ukraynada yalnız Qərbin canlı qüvvəsi yoxdur. Həmin canlı qüvvəni isə Ukraynaya göndərilən çoxsaylı muzdlu döyüşçülər əvəzləyir. Indilikdə Ukraynada böyük sayda Qərb hərbi texnikası cəmləşdirilir. Elə bu fonda ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna üçün lend-liz proqramını dəstəkləyib. Qanun layihəsi prezident Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də digər məqsədlər üçün səlahiyyətlərini genişləndirəcək. Həmçinin aktın qəbulundan sonra Bayden 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur. Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb. İndi də, ekspertlərin fikrincə, lend-liz nəticəsində ABŞ-ın Ukraynaya əvvəllər elan etdiyi 20 milyard dollarlıq hərbi yardımın bir hissəsi kimi ağır texnika verəcək. Gözlənilir ki, Kiyev ABŞ-dan müasir “M1A2 Abram” tankları, “M2A3 Bradley” piyada döyüş maşınları, özüyeriyən artilleriya qurğuları “M109A6 Paladin”, HIMARS təkərli şassi üzərində çoxsaylı buraxılış raket sistemləri, universal atış qurğusu olan “MLRS M270”, hava hücumundan müdafiə sistemi NASAMS 2, “Patriot” zenith raket sistemləri, 4-cü nəsil F-16 C/D çoxfunksiyalı qırıcılar alacaq. Bütün bunlar müharibənin gedişini əhəmiyyətli dərəcədə dəyişmək iqtidarındadır. Belə bir vaxtda Cozef Bayden Ukraynaya yardım üçün Konqresə əlavə müraciət etdiyini açıqlayıb.
Amerika lideri konqresmenlərin Ağ Evin təklifini tez bir zamanda nəzərdən keçirəcəklərinə ümid edir. Onun sözlərinə görə, bu yardım artilleriya, tank əleyhinə sistemlər və hava hücumundan müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur. Bayden Konqresdən Ukraynaya müdafiə və humanitar sahədə kömək, eləcə də Avropa ölkələrinin müdafiəsini gücləndirmək üçün əlavə 33 milyard dollar ayırmağı xahiş edəcək. Eyni zamanda, Ukraynaya və bir sıra Avropa ölkələrinə silah tədarükü üçün 20,4 milyard dollar ayrılması nəzərdə tutulur. Söhbət artilleriya, zirehli texnika, tank və zenit silahlarından, kiberhücumlardan müdafiə vasitələrinin gücləndirilməsindən, ərazilərin təmizlənməsinə yardımdan gedir. Vəsait bu ilin sentyabr ayına qədər olan dövr üçün nəzərdə tutulub. ABŞ-la yanaşı, digər Qərb ölkələri də Ukraynaya hərbi yardımlar göndərir. Məsələn, "DR News" nəşri yazır ki, Danimarka Ukraynaya M113 zirehli transportyorları və döyüş sursatları göndərir. Silahlar Danimarkanın baş naziri Mette Frederiksenin ötən həftə Kiyevə səfəri zamanı Ukraynaya vəd etdiyi 600 milyon kronluq yardımının bir hissəsidir. Həmçinin qeyd edilir ki, baş nazirin səfərindən sonra Silahlı Qüvvələr və xüsusilə Quru Qoşunları anbarlardakı hansı silah sistemlərinin Ukraynada faydalı ola biləcəyini təhlil edir. Qeyd olunur ki, M113 zirehli transportyoru 1964-cü ildən Danimarkanın müdafiəsində istifadə olunsa da, bir neçə dəfə modernləşdirilib. Almaniya da öz yeni tanklarını Ukraynaya göndərməyə hazırlaşır. Digər Avropa ölkələri də analoji addımlar atır. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bunlar fonunda maraqlı fikirlər səsləndirib: “Üç il əvvəl Vladimir Putin demişdi ki, Qərb liberalizmi ölüb. Keçən il Sədr Çinin sədri Si Cinpin Qərbin tənəzzülə uğradığını iddia edib. 2022-ci ilin aprelində hər şey çox fərqli görünür. Son aylar insan ruhunun və azad cəmiyyətlərin güclü möhkəmliyini nümayiş etdirdi. Tarixdə qaldığına ümid etdiyimiz dəhşətli barbarlıq və hərbi cinayətlərlə üzləşən azad dünya Ukrayna və onun azadlıq və öz müqəddəratını təyinetmə uğrunda cəsarətli mübarizəsi ətrafında birləşib. Biz arxayın ola bilmərik - Ukraynanın taleyi sual altındadır. Ancaq gəlin bir məsələyə aydınlıq gətirək: Putin uğur qazanarsa, Avropada daha çox səfalət və bütün dünyada dəhşətli fəsadlar olacaq. Bir daha heç vaxt təhlükəsiz hiss edə bilməyəcəyik. Beləliklə, biz uzun yola hazır olmalıyıq. Biz Ukraynaya dəstəyimizi ikiqat artırmalıyıq. Biz də böhranda göstərilən birliyə sonacan əməl etməliyik. Biz yanaşmamıza yenidən baxmalı, yenidən qurmalı və yenidən formalaşdırmalıyıq”. O, Ukraynadakı müharibənı Qərbin müharibəsi kimi xarakterizə edib: “Ukraynadakı müharibə bizim müharibəmizdir”. Rusiyada bu yanaşma artıq üçüncü dünya müharibəsi kimi xarakterizə edilir. Bu fonda Kreml Ukrayna üzərində hərbi aqressiyasını daha da artırır.
Nahid SALAYEV