Peşə etikası jurnalistikanın təməl prinsipidir və bütün media subyektləri, media təmsilçiləri bu prinsipə əməl etməlidir. Hər bir jurnalist həm öz sosial-ictimai məsuliyyətini dərk etməli, həm peşəkarlıq səviyyəsini artırmalı, həm də peşə prinsipinin digər yönlərinə sadiq qalmalıdır. Bu mənada həm jurnalistlərin, hər bir media subyektlərinin çiyinlərinə böyük yük düşür.
Bildiyimiz kimi, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi də jurnalist peşəkarlığının artırılması istiqamətində müxtəlif vacib fəaliyyətlər, layihələr həyata keçirir. Müasir medianın, informasiya siyasəti, xəbər növlərinin, media subyektlərinin çeşidləri artıb. Bu baxımdan, müasir jurnalistikanın tələblərinə uyğun peşə etikası formalaşır. Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin təqdim etdiyi vacib proqramlardan biri “Redaksiya siyasəti və peşə etikası Qaydaları”dır.
Aprelin 29-da “Bakı-Xəbər” qəzetinin redaksiyasında “Redaksiya siyasəti və peşə etikası Qaydaları”nın geniş müzakirəsi keçirildi. Qəzetin baş redaktoru Aydın Quliyev mövzu ətrafında geniş söhbət etdi və jurnalistlərin peşə qaydaları barədə yenilikləri əmkdaşlarımızın diqqətinə çatdırdı.
İclasda qəzetin baş redaktor müavinləri Tahir Tağıyev, Samirə Səfərova, müxbirlərdən Məhəmmədəli Qəribli, Vidadi Ordahallı, Günel Cəlilova, İradə Sarıyeva, əməkdaşlarımız Saleh Mehdiyev, Ülviyyə Nağıyeva iştirak etdi və qaydalarla tanış olduqlarını qeyd etdilər.
Qeyd edək ki, “Bakı-Xəbər” qəzetinin baki-xeber.com saytında “Peşə etikası” bölümü yaradılıb.
Bildirək ki, “Redaksiya siyasəti və peşə etikası Qaydaları”nın müzakirəsindən hazırladığımız geniş reportajı qəzetimizin növbəti sayında oxuya bilərsiniz.