Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edib.
Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyulub. Onun sözlərinə görə, 30 illik Minsk qrupu Cənubi Qafqaz regionuna sülh və ədalət gətirə bilmədi: “Baxmayaraq ki, Azərbaycan səbr göstərdi, xüsusilə də strateji səbr”. Hikmət Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən 4 qətnaməsinə baxmayaraq, danışıqlar prosesi tamamilə faydasız idi: “2020-ci ildə Azərbaycana qarşı təxribatlara cavab olaraq Azərbaycan Ordusu ərazilərin azad edilməsi prosesinə başladı. Şuşaya gəldiyimiz Zəfər yolu əvvəl mövcud deyildi və bura sadəcə meşənin içərisi ilə bir cığır idi. Azərbaycan xüsusi təyinatlıları bu yolla Şuşaya daxil oldular. Şəhər azərbaycanlılar üçün əziz olduğundan onun geri qaytarılması zamanı ağır artilleriyadan, dronlardan istifadə edilmədi”. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Qarabağ regionunun azad edilməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır.
Şuşada keçirilən forum sıx inteqrə olunmuş Cənubi Qafqaz modeli yarada biləcəkmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, son 20 ildə Azərbaycan sürətli hərtərəfli inkişafla bərabər. həm də beynəlxalq tədbirlərin, forum və konfransların keçirildiyi məkan kimi tanınıb: “Dünyanın elə bir mötəbər təşkilatı tapılmaz ki, Bakıda toplantısı keçirilməsin. Bu da, əlbəttə ki, Azərbaycanın beynəlxalq miqyasda siyasi çəkisinin yüksəlişinə xidmət edən amillərdən biri olub.
Vətən müharibəsindən sonra isə Böyük Zəfərin simvolu olan Şuşa bərpa-quruculuq, tərəqqi ünvanına çevrilməklə yanaşı, həm də Azərbaycanın, daha doğrusu, Qafqazın siyasi, diplomatik mərkəzi statusuna da sahiblənib.
Həyata keçirilən müxtəlif layihələr əsasında simasını günbəgün dəyişən və sürətlə inkişaf edən mədəniyyətimizin paytaxtında mühüm toplantıların, konfransların və forumların keçirilməsi bunun bariz təcəssümüdür.
Bu forum 2021-ci ilin aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın məntiqi davamıdır. Qeyd edək ki, həmin beynəlxalq konfransda Prezident İlham Əliyev də iştirak edib və postmünaqişə reallığı ilə bağlı mühüm mesajlar vermişdi. Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq forumun keçirilməsini təklif edib və Prezident İlham Əliyev bu təklifi müsbət qiymətləndirib.
Şuşa Beynəlxalq Forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır. Kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməlinin əsasında Azərbaycanın Ermənistanla münasibətlərinə dair formalaşdırdığı sülh gündəliyi dayanır. Təbiidir ki, belə əlaqələrin qurulmasının mövcud reallıqların dünyada dərk edilməsi baxımından ciddi əhəmiyyəti var. Konfrans iştirakçıları bu reallıqlarla əyani tanış olandan sonra bütün təsir imkanlarını Ermənistanın konstruktiv mövqeyə gəlməsinə yönəldə bilərlər. Bir sözlə, bu tədbir regionun gələcək inkişafına, uzunmüddətli sülhə xüsusi töhfədir”.
Məhəmmədəli QƏRİBLİ