BMT Baş katibi Antonio Quterreş CNN telekanalına müsahibəsində deyib ki, Ukraynada müharibə Rusiya istəyəndə bitəcək, görüşlər mənasızdır.
O etiraf edib ki, görüşlər müharibəni bitirməyəcək: “Savaş Rusiya bu barədə qərara gələndə və atəşkəsdən sonra ciddi siyasi razılaşma əldə olunanda bitəcək. İstədiyiniz qədər görüş ola bilər, amma bu, müharibəni bitirməyəcək”.
Qeyd edək ki, BMT Baş katibi Moskvada səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putinlə görüşməzdən əvvəl Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla müzakirələr aparıb.
BMT baş katibi nədən bu qənaətə gəlib ki, Ukraynada aparılan müharibənin taleyi məhz Rusiyanın əlindədir?
Politoloq İlqar Vəlizadə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Quterreşin bəyanatına bir neçə aspektdən qiymət vermək olar: “Əslində düz deyir. Çünki hamı bilir ki, müharibəmi Rusiya başlayıb. Hazırda rus qoşunları başqa ölkənin ərazisindədir. Müharibəni dayandırmaq, qoşunları Ukrayna ərazisindən çıxarmaq kimi əmri də məhz Rusiya verə bilər. Bununla Quterreş həm də Rusiyanın təcavüzkar olduğunu dolayısı ilə ifadə etmiş olur. Çünki dünya ictimai rəyində belə fikir var ki, ABŞ və Avropa da müharibənin davam etməsində maraqlıdırlar. Məsələnin ən maraqlı tətəfi BMT kimi qurumun niyə belə passiv olmasıdır. Əslində, BMT daha çevik reaksiya verməliydi. Ancaq biz iki aydan sonra Quterreşin səfərinin şahidi olduq. Faktiki olaraq bir NATO ölkəsi olan Türkiyə sülhyaratma missiyasında BMT-dən daha çox iş görmüş olur. Əslində, Türkiyənin yayınmaq imkanları daha çoxdur. NATO üzvü olduğunu əsas gətirib, yaxasını tam kənara çəkə bilərdi. Ancaq Türkiyə məsuliyyəti öz üzərinə götürdü. Baxın görün, Quterreş nə edib? Birinci gəlib Türkiyəyə, ordan gedib Moskvaya, ardınca Ukraynaya səfər edib. Türkiyə rəhbərliyi ilə ilk görüş də BMT-nin də Ankaranın aparıcı rolunu qəbul etdiyinə bir işarədir. Türkiyə prezidenti dəfələrlə BMT-ni tənqid edib. Deyib ki, bu təşkilat öz funksiyalarını yerinə yetirmir. Bütün bunlar bir daha göstərir ki, BMT effektiv fəaliyyət göstərmir. Quterreşin regiona səfəri və verdiyi bəyanatları çox gecikmişdi. Bu addımların prosesə təsiri olmayacaq. Bu məsələdə Türkiyənin alternativi yoxdur”.
Məhəmmədəli QƏRİBLİ