"Sülh müqaviləsi ilə bağlı danışıqların başlanması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır". Bu fikirləri Prezident İlham Əliyev ABŞ dövlət katibi köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, kommunikasiyaların açılması məsələləri müzakirə edilib. Azərbaycan bir daha sülhə hazır olduğunu bildirir və Ermənistandan da analoji addımlar gözləyir. Bu fonda erməni mediası məlumat yayıb ki, baş nazir Nikol Paşinyan Azərbaycan tərəfinin bütün istəklərini ifadə edən sülh müqaviləsi imzalayacaq. Erməni siyasi şərhçi Vigen Akopyanın sözlərinə görə, Rusiyanın indi Azərbaycanın əleyhinə getməsi sərfəli deyil: “Məhz bu səbəbdən Bakı yaxın gələcəkdə qarşıya qoyduğu məqsədlərə nail ola biləcək. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanan kimi Rusiyanın sülhməramlıları Qarabağ ərazisini tərk edəcəklər. Bu isə bu yaydan gec olmayaraq baş verəcək”. “Qraparak” nəşri də qeyd edir ki, Paşinyanın Azərbaycanın şərtləri altında sülh müqaviləsi imzalamaqdan başqa çarəsi yoxdur: “Ermənistan parlamentinin tribunasından Paşinyanın “status” məsələsi ilə bağlı tələblərin aşağı salınması barədə açıqlaması Ermənistan cəmiyyətinin geniş təbəqələri tərəfindən müzakirə olunur. Xüsusən də hökumətyönlü deputatların manipulyasiyaları və çaşdırıcı tezisləri fonunda tam başa düşülmür. Bu tələb Qarabağı Azərbaycanın yurisdiksiyasında hesab etmək deməkdir. Burada gələcək statusun necə olacağı önəmli deyil, hətta statusun yarım dərəcə aşağı salınması Qarabağın Azərbaycana birləşdirilməsi deməkdir. Bəs Qarabağ Azərbaycana birləşdirilsə nə olacaq? Əvvəla, Qarabağın indiki sistemi tamamilə sıradan çıxarılacaq və aradan qaldırılacaq. Qarabağdakı hərbi birləşmələr ləğv olunacaq və Qarabağda erməni silahlı qüvvələri olmayacaq, hər cür silah və sursat yığışdırılacaq. Qarabağa rəhbərlik edəcək şəxs birbaşa Bakıya tabe olacaq, oradan əmr və sərəncamlar alacaq. Lider erməni olsa belə, o, türk marionetinə və əlaltısına çevriləcək. Qarabağda, xüsusən də yaşlı nəsil Boris Kevorkovu yaxşı xatırlayır. Qarabağdakı polislər Bakıdan əmr və göstərişlər alacaq, çünki Azərbaycanın yurisdiksiyasında olduğu üçün, təbii ki, Azərbaycan qanunvericiliyi fəaliyyət göstərəcək. Hakimlər və məhkəmələr Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək. Qarabağdakılar Azərbaycan pasportlarına malik olacaq. Azərbaycan silahlı qüvvələrinin Qarabağa daxil olmasına, hətta sülhməramlılar olsa belə, mane olmayacaq, çünki Qarabağ Azərbaycanın yurisdiksiyasında olacaq. Ermənistanla nəqliyyat əlaqəsi dəyişəcək, sərhəddə gömrük məntəqəsi yaranacaq. Azərbaycan pul vahidi Qarabağda dövriyyəyə buraxılacaq, erməni dramı isə Qarabağdan çıxarılacaq, Azərbaycan məktəbləri açılacaq”.
Ermənistanın digər nəşri “armenianreport” portalı yazır ki, müxalifət də bu proseslərə əngəl ola bilməyəcək: “Ermənistanın baş naziri Nikol Paşinyanı bəyənməmək üçün çoxlu səbəblər var. O, tez-tez kadrlarını dəyişir, bəzən naşılıq nümayiş etdirir, xarici siyasət prioritetləri barədə qərar verməyib, Moskvadan asılılıqdan qurtula bilməyib, onun dövründə Ermənistanın iqtisadi uğurları şübhə doğurur. Amma rəqiblərinin ona heç vaxt bağışlamayacağı ən mühüm şey İkinci Qarabağ müharibəsindəki itkidir. Bəli, Paşinyan özündən əvvəlki Köçəryan və Sarkisyan rejimlərinin qurduğu ordunu miras aldı, bu ordu məğlubiyyətə düçar oldu. Bundan başqa, Ermənistan cəmiyyətində bəziləri Nikolun Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı açıqlamalarından qorxur. Bu bəyanatlar Qarabağın statusunun aşağı salınma ehtimalından bəhs edir, həmçinin Azərbaycan və Türkiyə ilə dialoqa hazırlığı özündə ehtiva edir. Şübhəsiz ki, narahatlığa əsas var. Bəs bütün günahlarda Paşinyanı ittiham etməyə çalışan müxalifət haqlıdırmı? Yox. Keçmiş hökumətin tərəfdarlarının müxalifətçilər arasında çox olan əsgər analarına necə münasibət bəslədiyini xatırlatmağa dəyər. Amma ən əsası, müxaliflərin Ermənistanı gücləndirmək, Silahlı Qüvvələrimizi bərpa etmək, güclü iqtisadiyyat yaratmaq üçün konkret fəaliyyət planı varmı? Bu haqda hələ heç kim eşitməyib. Deməli, müxalifət də Paşinyanın fəaliyyəti ilə razılaşmalı olacaq. Çünki ona qarşı hansısa alternativ fəaliyyət planı ortaya qoymur”. Elə Ermənistanın “Past” nəşri də məsələyə bu rakursdan yanaşır: “Məhz 2018-ci ilin yazında Paşinyanın başçılıq etdiyi hərəkat pik həddinə çatıb, bu hərəkat onu küçədən baş nazir kürsüsünə aparıb. Paşinyan hakimiyyətə gələndə düşünülürdü ki, o, hakimiyyətə gəldikdə möcüzə baş verəcək, ölkə sürətlə inkişaf edəcək, vətəndaşlar daha yaxşı yaşamağa başlayacaqlar. İndi biz müqayisə apara bilərik ki, Paşinyan hansı vəziyyətdə hakimiyyəti ələ keçirdi, indi bizdə Paşinyan hakimiyyətinin nəticəsi olan hansı vəziyyət var. O vaxt Qarabağ var idi. İndi isə Qarabağdan yalnız qırıntılar qalıb, onun da gələcəyi sual altındadır. Bir vaxtlar Xankəndidə cəsarətlə “Qarabağ Ermənistandır, vəssalam” deyən Paşinyan indi nəinki Qarabağ əhalisinin öz müqəddəratını təyinetmə hüququndan qorxu ilə danışmır, həm də Qarabağın Azərbaycanın tərkibində status ala biləcəyi ideyasını irəli sürür. Görünən odur ki, indiki vəziyyətlə barışmaqdan başqa çarə yoxdur”.
Nahid SALAYEV