44 günlük müharibədən sonra Prezident İlham Əliyevin Minsk Qrupunun artıq "fəaliyyət" planının dolduğu ilə bağlı mesajları bu gün öz təsdiqini tapmaqdadır. Belə ki, Rusiya XİN başçısı Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla 9 aprel tarixində Moskva görüşü zamanı "Minsk Qrupu dağıldı" etirafından sonra bu proses daha sürətli hal aldı.
Rəsmi Moskva bunu praktiki olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlamaqla gerçəkləşdirdi. Minsk qrupunda Rusiyadan olan sonuncu həmsədr İqor Xovayevin bundan sonra xüsusi nümayəndə kimi sülh müqaviləsinin hazırlanmasına və münasibətlərin normallaşmasına dəstək verəcəyi bəyan edildi.
Bunun ardınca Misnk qrupunun həmsədr dövlətlərindən ABŞ Dövlət Departamenti məlumat yaydı ki, Minsk qrupunun amerikalı həmsədri Endryu Şafer artıq həmsədr yox, "Qafqazda danışıqlar üzrə baş müşavir" təyin edilib.
Bunu təsdiq edəcək növbəti fakt isə Fransa XİN-in saytında bu vaxta kimi ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri kimi tanınan Bris Rokuefeonun statusunun Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə səfiri kimi qeyd edilməsi məsələsidir. Bir neçə gün öncə İrəvana səfər edərək A.Mirzoyanla görüşən Bris, Bakıya da bu statusda səfər edəcək. Bu isə o deməkdir ki, Minsk qrupunun üç həmsədrindən biri olan Fransa da digər iki həmsədr kimi Minsk qrupunun tarixin yaddaşına köçdüyünü, artıq belə bir qurumun de-fakto mövcud olmadığını təsdiq etmiş oldu.
Hadisələrin xronologiyası göstərir ki, Prezident İlham Əliyevin Minsk qrupunun fəaliyyətsizliyini əsas götürərərək həmin təsisatın buraxılması istiqamətində irəli sürdüyü təklif artıq tam reallaşıb.
Siyasi şərhçi Sahil Kərimli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ATƏT Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı məsələni ilk dəfə Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra qaldırmış oldu:
“Həmsədrləri qəbul edəndə Prezident bu fikri sərt şəkildə onların diqqətinə çatdırdı. Həmin hadisədən sonra da Prezident dəfələrlə bu fikri beynəlxalq tribunalarda, keçirdiyi görüşlərdə səsləndirdi. Prezident haqlı olaraq qeyd edirdi ki, 30 il ərzində həmin təsisat münaqişənin həllinə deyil, uzadılmasına xidmət edib. Onlar yalnız boş-boş “turist” səfərləri ilə yadda qaldılar. Azərbaycan sonda BMT-nin qəbul etdiyi 4 qətnaməni özü icra etdi və bütün dünyaya göstərdi ki, öz gücünə ərazi bütövlüyünü bərpa etdi. Biz son iki il ərzində bir daha şahid olduq ki, bu prosesi Azərbaycan dövləti və şəxsən Prezidentin ortaya qoyduğu qətiyyətli mövqeyi sona çatdırdı. Artıq Minsk qrupu adlı qurum qalmayıb. Əvvəl Rusiya , sonra ABŞ özü həmsədrlərini başqa cür təqdim etməklə, formatdan imtina etdiklərini bəyan etmiş oldular. Fransanın bu prosesdə bir qədər gecikməsi müəyyən mülahizələrə yol açmışdı. Ancaq hazırda görürük ki, artıq Fransa da öz həməsdrini başqa vəzifəyə keçirib. Bütün bunlar o anlama gəlir ki, Minsk qrupu adlı təsisat tarixin arxivinə göndərilmiş oldu. Azərbaycanın başladığı iş uğurla sona çatıb. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər kimi, bu da bizim xeyrimizə olan məntiqi sonluqla yekunlaşdı”.
Məhəmmədəli QƏRİBLİ