Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycana düşmən münasibət bəsləməsi hər kəsə məlumdur. Uzun illərdir ermənipərəst mövqedən çıxış edən və erməni lobbisindən yallanan bu məxluq heç bir çərçiəni gözləmir.
Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra daha da azğınlaşıb. Nə Rusiya-Azərbaycan münasibətləri, nə də iki ölkə arasında imzalanan müttəfiqlik bəyannaməsi bunun üçün əhəmiyyət kəsb edir.
Zatulin yenə ənənəsinə sadiq qalaraq aranı qarışdırır. O, Rusiya telekanallarına açıqlamasında bəyan etdi ki, Rusiyanın diqqətinin Ukraynaya yönəlməsi o demək deyil Azərbaycan Qarabağda istədiyini edə biləcək: “Vəziyyətdən istifadə edib mövqelərini möhkəmləndirəcək. Yaranmış situasiyadan istifadə edib mövqelərini irəli çəkəcək. Azərbaycan davamlı olaraq bunu edə bilməyəcək. Bu kimi vasitələrlə Qarabağdakı ermənilərin iradəsini qıra bilməyəcək. Onlar heç vaxt Azərbaycanın tərkibində olmağa razı olmayacaqlar”.
Zatulinin tutduğu vəzifəni, statusu nəzərə alsaq, bu, Rusiya rəsmisinin Azərbaycana qarşı ərazi iddiasıdır. Rusiya İstintaq Komitəsi azərbaycanlı jurnalist Rövşən Əsgərova qarşı cinayət işi açıb. Guya o, nasizmi təbliğ edir. İddia olunur ki, o, sosial şəbəkələrdəki səhifələrində yalan məlumatlar yayaraq, sovet sərkərdəsi marşal Jukovu mütəmadi təhqir edib. Zatulin isə çox mühüm postda təmsil olunur və Azərbaycanın ərazi bütövlüyünə qəsd edir, ancaq onun hərəkəti nədənsə cavabsız qalır. Ona heç olmasa xəbərdarlıq belə edilmir. Zatulinin qərəzli olması bir tərəfə, Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş hərəkətləri qəbuledilməzdir.
Maraqlıdır, Rusiya müvafiq qurumları niyə Zatulinin bu davranışlarına hüquqi qiymət vermir?
“Zatulini cilovlamaq Kreml üçün adi bir şeydir, amma bunu etmək istəmirlər”
Məsələyə münaibət bildirən Dirçəliş və Tərəqqi Partiyasının sədri Ramil Hüseynov Rusiya hakimiyyətinin Zatulinin həyasız və qanunazidd açıqlamalarını görməzdən gəlməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, Rusiya hüquqi dövlət deyil. Bunlar imperiya təfəkkürünə malik bir toplumdular. Hüquqi dövlət olsaydı, dünyanın gözü qarşısında bütün prinsiplərə tüpürüb Ukrayna ərazilərini ilhaq etməzdi. Ona görə də Kreml hakimiyyətindən bunu gözləmək sadəlövhlük olar. Çünki separatizmi himayə edən, bu minvalla başqa dövlətlərin ərazisinə soxulan ölkədə nə desən gözləmək olar. Zatulini cilovlamaq Kreml üçün adi bir şeydir, amma bunu etmək istəmirlər. Çünki ölkə hakimiyyəti ikibaşlı oynayır, separatizmi himayə edir. Bu həmin Rusiyadır ki, Qarabağdakı erməni separatçıların Moskvaya sərbəst gediş-gəlişinə şərait yaradır. Halbuki, onlar axtarışda olduğu üçün Azərbaycana təhvil verilməlidir. Çünki iki ölkə arasında hüquqi müqavilə var. Ancaq Rusiya nəinki onları təhvil vermir, əksinə, onlarla gizli görüşlər keçirir. Belə bir dövlətlə qonşuyuq. Bütün hallarda, Zatulinin səsləndirdiyi fikirlər ölkəmizin ərazi bütövlüyünə yönəlik təhdiddir. O üzdən qarşı tərəfdən izahat tələb olunmalıır”.
Partiya sədri onu da qeyd etdi ki, heç br qüvvə Azərbaycanı öz yolundan döndərə bilməz.
Vidadi ORDAHALLI