Jukovun barəsində nəsə yazmış azərbaycanlı jurnalistə Rusiya İstintaq Komitəsində, guya faşizmin təbliği kimi anlaşılmaz ittihamla cinayət işi açılıb. Məlumdur ki, davam edən Ukrayna müharibəsi fonunda belə anlaşılmaz ittihamlar hələ çox olacaq. Lakin maraqlıdır ki, "quru yerdə" cinayət işi açmağı bacaran Rusiya rəsmilərinin özlərinin Azərbaycana qarşı törətdikləri cinayət cəzasız qalır.
Bu sözləri “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev özünün sosial media hesabında yazıb.
Politoloq daha sonra yazır:
- Bu günlərdə Dövlət Dumasının komitə sədri Zatulin Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakterli bəyanat verib. O rəsmi şəxsdir, deputat, üstəlik komitə sədridir. Zatulin deyib ki, Azərbaycan Rusiyanın başının Ukraynada qarışmasından istifadə edərək Qarabağda möhkəmlənməyə çalışmasın, Qarabağın Azərbaycanın tərkibində qalmasına imkan verilməyəcək.....
Baxırsınızmı? Dumanın Soydaşlarla iş komitəsinin sədri "soydaş" deyəndə heç də xaricdəki rusları yox, Qarabağdakı erməniləri nəzərdə tuturmuş, onları rus diasporundan qat-qat üstün tutur. Qarabağı Azərbaycandan qoparmaq və ya Azərbaycandan kənarda tanımağa yönəlik hər cür cəhd Azərbaycana qarşı cinayət deyilmi?
Rusiya rəhbərlərinin nəzərində Jukovdan yazan azərbaycanlı jurnalist Rövşən Əsgərov cinayətkardır, bütöv xalqın haqqına qəsd edən Zatulin isə "mələkdir"...