Dünyanın beyin mərkəzlərini təmsil edən nümayəndələrin Qarabağa səfəri və Şuşada beynəlxalq konfransın keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Dünya miqyaslı nüfuzlu ekspertlər, tədqiqatçı alimlər, media nümayəndələri azad edilmiş ərazilərimizlə tanış olub, həm erməni vəhşiliyini, bununla yanaşı sürətlə davam edən bərpa-quruculuq prosesini öz gözləri ilə görüblər. Bu, çox önəmlidir. Çünki, tədbirlər çərçivəsində dünya ictimaiyyəti Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlarla daha aydın tanış olur,
Qarabağ və Şərqi Zəngəzurun sıfırdan qurulması prosesini izləyir. Şuşada keçirilən beynəlxalq konfrans imkan verir ki, dünyanın 20-dən çox ölkəsindən gələn beyin mərkəzlərinin nümayəndələri yaşayış məntəqələrimizin ermənilər tərəfindən necə viran qoyulması, ərazilərimizin dağıdılması, yerlə yeksan edilməsi, mədəni, dini, tarixi abidlərimizin məhv edilməsi, ekoloji terror həyata keçirilməsi və digər vandal hərəkətlərin şahidi olsunlar. Məlumdur ki, Ermənistan işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalayıb. Ermənilərin bu cinayətlərindən əziyyət çəkən Azərbaycan ərazilərin minalardan təmizlənməsi prosesini də sürətlə həyata keçirir. Amma vəziyyət o qədər mürəkkəbdir ki, minatəmizləmə işləri xeyli vaxt aparır. Çünki Ermənistan az qala hər qarış ərazini minalayıb, tələ minalar quraşdırılıb. Məqsəd daha çox mülki əhalinin qətl edilməsi, əlil və şikəst buraxılmasıdır. Beynəlxalq ictimayyətin bu reallıqları da bilməsi çox vacibdir və qonaqlar səfər çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesini də yaxından izləyiblər. Bütün bunlar bir daha dünyaya göstərir ki, Azərbaycan uzun illər olduqca təhlükəli düşmənlə üz-üzə olub, Ermənistanın işğalçılıq, vandalizm, faşizm siyasətindən əziyyət çəkib, miqyasa gəlməyən maddi-mənəvi itkilərə məruz qalıb. Ümumiyyətlə, Qarabağda, Şuşada beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün çox önəmlidir və dövlətimiz bunun üçün bütün resurslardan istifadə edir.
Azərbaycan Qarabağı və Şərqi Zəngəzuru azad etməklə bölgədə terorun, separatçılığın kökünü kəsib, biz Cənubi Qafqazda sülh və təhlükəsizliyə töhvə verməkdə qərarlıyıq və Şuşa tarixi Azərbaycan şəhəri kimi artıq beynəlxalq tədbirlərə ev sahibliyi edən şəhər imici qazanıb. Bir sözlə, Azərbaycan dünyaya Şuşadan növbəti mesaj verir – Biz Cənubi Qafqazda genişmiqyaslı inkişafa, çoxşaxəli əməkdaşlığa töhvə verməyə hazırıq və buna əzmlə davam edcəyəik.
Sahil KƏRİMLİ
Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert