Ermənistanda son günlər müxalifətin fəallığı müşahidə edilir. Baş nazir Nikol Paşinyanın rəqibləri həm parlament tribunası, həm də digər vasitələrdən istifadə edərək iqtidara qarşı yenidən sərt çıxışlar edirlər.
Qeyd edək ki, Brüssel görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması yolunda mühüm addımlar atılıb. Ardınca prosesə start vermək üçün iki ölkə xarici işlər nazirlərinin telefon danışığı da olub. N.Paşinyan özü parlamentdəki son çıxışında da sülh müqaviləsinin alternativinin olmadığını bəyan edib. Bütün bunlar isə regionda sülhün olmasında maraqlı olmayan "Qarabağ klanı” və onun xaricdəki hamilərini narahat edir. Bu müstəvidə həmin revanşist qüvvələrin Paşinyana qarşı yenidən aktivləşməyə cəhd edəcəkləri gözlənilən idi. Görəsən, Ermənistanda Paşinyana qarşı atılan addımlar onun devrilməsilə nəticələnə bilərmi və bu baş verərsə, proseslər hansı məcrada cərəyan edər?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüssel görüşündən sonra hadisələrin gedişində ciddi dönüş nəzərə çarpır: “Brüssel görüşündən sonra Paşinyanın Moskvaya səfəri reallaşdı və həmin hadisədən sonra Paşinyan tam fərqli məzmunlu açıqlamalar verməyə başladı. Bununla yanaşı Paşinyana təzyiqlər də geniş vüsət almağa başladı. Hətta kütləvi aksiyaların keçirilməsi də bərpa edildi. Paralel olaraq Rusiyanın və ABŞ-ın Azərbaycana təzyiqləri genişləndi. Fərrux kəndi ilə bağlı verilən reaksiyalardan bu aydın sezildi. ABŞ dövlət katibi dedi ki, onlar Azərbaycanın Qarabağda təktərəfli hərəkətlərinin əleyhinədir. Görünür nə ABŞ, nə də Rusiya Qarabağ məsələsi ilə bağlı ocağın tam söndürülməsində maraqlıdır. Bütün bunlar bizim üçün ciddi siqnal olmalıdır. Azərbaycan Türkiyə ilə birlikdə addımlar ataraq məsələni tam çözməlidir. Bu olmasa, bizə hər tərəfdən təzyiqlər artacaq ki, Xankəndidə öz yurisdiksiyamızı bərpa edə bilməyək. Bu ilin sonuna kimi ciddi addımlar atmasaq, status-kvo bizim əleyhimizə işləməli olacaq. Paşinyanın isə yaxın zamanda hakimiyyətdən devirilməsi real görünmür. Paşinyan devrilərsə, İrəvanın Azərbaycanla münasibətinin necə olacağı onu əvəzləyəcək şəxsin kim olacağından asılıdır. Reallıq ondan ibarətdir ki, Paşinyanın partiyası parlamentdə üstün mövqeyə malikdir. Onu üstələyə biləcək siyasi qüvvə yoxdur. Hətta bu baş versə belə, Ermənistanın bizimlə müharibə etməyə nə cəsarəti, nə də hərbi gücü qalıb”.
Məhəmmədəli QƏRİBLİ