Naxçıvan Muxtar Respublikasının işğal edilmiş Kərki kəndində aksiya keçirən “Daşnaksütyun” fəalları bəyan ediblər ki, kəndi Azərbaycana qaytarmağa qarşı çıxacaqlar:
“Biz Ermənistanın dörd simvolik yerindən yürüş keçirmək üçün ümummilli mitinqin çağırışına cavab olaraq yürüşə öz yerimizdən - Ararat bölgəsinin Tiqranaşen icmasından başlayırıq. Biz bunu simvolik hesab edirik. Biz gəldik deməyə ki, bura erməni torpağıdır və biz onu türklərə verməyəcəyik”.
Kərkidəki erməni aksiyaçıların əllərində Ermənistan bayrağı ilə yanaşı, Xankəndidəki separatçı-terrorçu rejimin əski parçası da olub.
Qeyd edək ki, Ermənistan 10 noyabr 2020-ci il bəyanat-razılaşmasına əsasən Azərbaycana qaytarılmalı olan Qazax rayonunun 7 kəndi kimi, Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin də geri verilməməsində inad edir.
Azərbaycanın ən qədim kəndlərindən olan Kərki Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidinə daxildir. Hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.
Ermənistan Azərbaycana məxsus kəndləri geri qaytarmaqla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayına bilərmi?
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi -siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan heç bir zaman beynəlxalq hüquq normalarına əməl etməyib: “Dəfələrlə beynəlxalq razılaşmaları pozub. Ermənistanı yalnız bir yolla başa salmaq olar, o da “dəmir yumriq”dur. 44 günlük Vətən müharibəsi Ermənistanı məcbur etdi ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirsin. Ermənistan bilməlidir ki, müharibədən sonra üzərinə götürdüyü bütün öhdəliklərə əməl etməlidir. Bunu könüllü etməsə, Azərbaycan silahlı qüvvələri onu məcbur edəcək. Azərbaycana aid bütün əraziləri geri qaytarmalıdır, başqa yolu da yoxdur. Azərbaycan dövləti 5 şərt irəli sürüb. Həmin şərtlərin hamısına əməl etməsə, 1920-ci ildəki, yəni SSRİ yaranmazdan əvvəlki sərhədlər müzakirə edilə bilər. Azərbaycan ictimaiyyətində son vaxtlar bu məsələ gündəmə gətirilir. Söhbət Göycə və Zəngəzura olan iddiamızdan gedir. Bundan əlavə, Ermənistan bizə vurduğu ziyana görə təzminat da ödəməlidir. Azərbaycanla normal qonşuluq münasibətini qurmağın yolu götürdüyü öhdəliklərə əməl etməkdən keçir. İndiki Ermənidtan olan ərazidən bizim milyonlarla soydaşımız deportasiya edilib. Onların da ata-baba yurdlarına qayıtması tələblərimiz sırasında olacaq. Artıq zaman o zaman deyil. Güclü Azərbaycan dövləti qarşısında götürülən öhdəliklər qeyd-şərtsiz yerinə yetirilməlidir. Əks təqdirdə, Ermənistan bunun bədəlini ağır ödəyə bilər”.
Məhəmmədəli QƏRİBLİ