Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tviter səhifəsində yazıb ki, Rusiyanın təcavüzü artıq Hind və Sakit Okean hövzəsinə öz təsirini göstərir:
“Rusiyaya cavabımız qlobal sistemi və iqtisadiyyatımızın gələcəyini həll edəcək. Rusiya və Çin aralarındakı dostluğun hüdudu olmadığını bəyan ediblər. Hər ikisinin tələb etdiyi yeni beynəlxalq münasibətlərdən nə gözləmək olar? Biz dinc və firavan bir Hind və Sakit okeanı istəyirik. O, azad, açıq, bir-biri ilə əlaqəli, firavan, bütün maraqlara xidmət edən qaydalara əsaslanan təhlükəsizlik arxitekturasına malik olmalıdır”.
Avropa Komissiyasının rəhbəri Rusiyanın təcavüzünün Avropa ölkələri üçün də ciddi təhdid yaratdığını bəyan edib.
Böyük Britaniyanın baş naziri Boris Consonun Hindistana iki günlük səfərindən dərhal sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də Dehliyə gedərək bu ölkənin baş naziri Narendra Modi ilə görüşdü.
Brüssel də London kimi Hindistanın Rusiya ilə siyasi və hərbi əməkdaşlığını yenidən dəyərləndirməsini istəyir. Ursula fon der Lyayen Dehlidə verdiyi açıqlamada, başda Hindistan olmaqla, Hind-Sakit okean ölkələrinin Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəkləməsinin vacib olduğunu bildirib.
Xüsusilə də Avropa ölkələri ilə bağlı təhlükənin olması haqda deyilənlərdən hansı nəticəni çıxarmaq olar? Bütün bunların fonunda Rusiya Avropa ilə müharibəyə başlaya bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, iki aydan artıq davam edən müharibə nəticəsində Rusiya öz hədəflərinə çata bilməyib: “Müharibənin 64 günündə Rusiya prezidenti Ukrayna rəhbərliyinə müraciət edib deyir ki, Mariupoldakı əsgərlərə təslim olma əmrini versinlər. Bu, əslində Rusiyanın uğursuzluğunun Putin səviyyəsində etirafı idi. Rusiya Ukraynada bəşəri cinayət sayılan əməllərə də yol verib. Bundan sonrakı mərhələdə Rusiya iki ssenari üzrə hərəkət edə bilər. Moskvanın tezisləri özünü doğrultmadığı üçün onlar Ukraynaya könüllü təslim olmaqla bağlı müraciətlərini artıracaqlar. Mayın 9-da qeyd edilən Qələbə günündə ya Moskva, ya da digər bir yerdə parad keçirərək, öz qələbəsini elan etməyə çalışır. Bu, Putin üçün daxili auditoriyanı sakitləşdirmək baxımından vacibdir. Artıq məlumatlar gəlir ki, Rusiya Dnestryanı ilə də bağlı planları həyata keçirməyə çalışır. Hətta söhbətlər gəzir ki, Rusiya ora qoşun da yeridə bilər. Həmin ərazilərə nəzarəti tam ələ keçirməklə Rusiya Avropa üçün vacib olan nəqliyyat dəhlizlərinə nəzarəti bərpa edəcək. Bununla Rusiya bütün Avropanı özü ilə hesablaşdırmaq istəyir. Dünən Moldova prezidenti təhlükəsizlik şurasının iclasını çağırdı. Növbəti mərhələ üçün mühüm qərarlar qəbul edildi. Bütün Avropa həmin prosesi maraqla izləyirdi. Putin bu addımları ilə özünü sığortalamağa çalışır. Bu baxımdan da, Putindən istənilən radikal addımı gözləmək olar. Avropanın narahatlıqları tam əsaslıdır. Rusiya rəsmilərinin son vaxtlar bütün çıxışları bir tezis ətrafında cəmlənib. Deyirlər ki, Avropa onları üçüncü dünya müharibəsinə başlamağa təhrik edir. Biz bu məqamı Putinin BMT baş katibi ilə danışığında da gördük”.
Məhəmmədəli QƏRİBLİ