Azərbaycan və Ermənistan Birgə Sərhəd Komissiyasının yaxın zamanlarda fəaliyyətə başlaması üçün şərait var.
Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə brifinqdə deyib.
Nazir bildirib ki, postmünaqişə dövründə Azərbaycanın əsas məqsədi bölgədə sülhün təmin edilməsidir. “Bu məsələ barədə görüşümüzdə həmkarıma ətraflı məlumat verdim.
Azərbaycan sülh sazişinin prinsipləri barədə ətraflı məlumat verib. Bilirsiniz ki, sərhədlərin delimitasiyası ilə bağlı işlər aparılır. Mənim Ermənistan xarici işlər naziri ilə iki telefon danışığım olub. Demarkasiya və delimitasiya ilə bağlı komissiyanın parametrləri barədə razılıq var. Komissiyanın yaxın zamanlarda fəaliyyətə başlaması üçün şərait mövcuddur”, - deyə nazir bildirib.
"Cənubi Qafqazda Azərbaycan-Gürcüstan əməkdaşlığı bir nümunədir və istənilən qonşu ölkələr üçün uğurlu bir model kimi istifadə edilə bilər" deyən nazir C.Bayramov bildirib ki, Ermənistan beynəlxalq hüquq prinsiplərinə əməl etməklə regionda əməkdaşlıqda öz yerini tuta bilər.