Sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır. Separatçıların adından yayılan məlumatda Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilir.
Bildirilir ki, buradakı ermənilər aprelin 30-na qədər təxliyə olunacaqlar. Sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub. Maraqlıdır, belə məlumatı dövriyyəyə buraxmaqda ermənilərin hansı hədəfləri ola bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, 44 günlük müharibədən sonra Ermənistan Xankəndi və ətraf ərazilərdə yaşayan erməniləri nə qədər orada saxlamağa cəhd etsə də, hər gün oralardan köç müşahidə edilir: “İkinci erməni dövləti ideyası puç olduqca ermənilərin həmin ərazilərdə, xüsusilə də Xankəndidə yaşamaq həvəsi tam ölür. Ermənilərin Xankəndini sürətlə tərk etməsi yalnız sosial səbəblərlə bağlı deyil. Bunun həm də siyasi tərəfi var. Onlar dərk edir ki, tezliklə şəhərdə Azərbaycanın yurisdiksiyası bərpa olunacaq. Ermənistanın əmlak satışı saytlarında da Xankəndidən çoxlu sayda mənzilin satışa çıxarıldığının şahidi oluruq. Erməni mənbələrinin özləri iddia edir ki, Qarabağda yaşayan ermənilər hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar. Erməni şərhçilər bildirir ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Onlar ehtiyat edirlər ki, belə olan təqdirdə Bakıya heç bir söz də deyə bilməyəcəklər. Çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb. Bu təhlükəni önləmək üçün belə həyəcan təbili çalırlar. İstəyirlər ki, Rusiya və digər havadarları onlara süni məskunlaşma məsələsində kömək etsin. Ancaq Azərbaycan vətəndaşlığımızı qəbul edən ermənilərin bütün hüquqlarını tanımağa hazır olduğunu bəyan edib”.
Məhəmmədəli QƏRİBLİ