Artıq Rusiya da Ermənistanla saziş üzrə Azərbaycanın təklif etdiyi 5 sülh prinsipi ilə razılaşdı. Rusiyanın xüsusi nümayəndəsi Xovayevin Bakıda Prezident İlham Əliyevlə görüşü barədə rəsmi məlumatlardan bu nəticəyə gəlmək olar.
Rəsmi məlumatlarda deyilir ki, Əliyev xüsusi nümayəndə ilə həmin 5 prinsip barədə müzakirə aparıb və Azərbaycanın Ermənistanla saziş və demarkasiya üzrə danışıqlara başlamağa hazır olduğunu deyib. Məlumatlar normallaşma prosesinin artıq hərəkətə gətirildiyini göstərir və heç şübhə yoxdur ki, proses irəliyə doğru gedir. Rusiya xüsusi nümayəndəsinin 5 prinsip ətrafında müzakirəyə qoşulması Azərbaycanın sülh sazişinin çərçivəsi barədə təklifinin qəbul edildiyini sübut edir. Qeyd edək ki, az əvvəl Azərbaycan Prezidenti sülh təkliflərinin Avropa Birliyi və ATƏT tərəfindən də qəbul edildiyini konkret və birmənalı bildirmişdi. Rusiya və Avropa İttifaqı təkliflərimizi qəbul edirsə, Ermənistanın onlardan boyun qaçırması mümkün olarmı?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan özünün sülh təkliflərini, demək olar ki, bütün tərəflərə qəbul etdirib:
“Əslində həmin 5 təklifdən heç Ermənistan da imtina etdiyini bəyan etmir. Çünki məlum təkliflərlə bağlı bir sıra öhdəlikləri Ermənistan imzaladığı digər razılaşmalarla da üzərinə götürüb. Sadəcə, biz şahidi oluruq ki, Ermənistan tez-tez öhdəliklərindən boyun qaçırır. Bu dəfə də Paşinyan iki stulda oturmağa çalışır. Brüsseldə bir söz dedi, Moskva səfərindən sonra başqa söz söylədi. Ermənistan təklif edir ki, Azərbaycan və Ermənistan arasında danışıqlar ATƏT-in Minsk Qrupu çərçivəsində təzədən bərpa olunsun, amma bu alınmır. Ermənistan deyir ki, təhlükəsizlik məsələsini önə çəkmək lazımdır. Status məsələsini qabardır. Ancaq demək olar ki, hələlik hamı qəbul etməsə də, ən real tənzimlənmə variantı Azərbaycanın irəli sürdüyü 5 bəndlik təklifdir. Hansı ki, Ermənistan özü də bunu qəbul edir. Yəni deməyiblər ki, biz bundan imtina edirik. Deməli, bu gün Azərbaycan-Ermənistan normallaşma prosesinin əsas hissəsi məhz Azərbaycanın və İlham Əliyevin təklif etdiyi 5 bəndlik təklifin əsasında gedə bilər. Rusiyanın xüsusi nümayəndəsi də buna etiraz etmirsə, deməli, Ermənistan bu reallıqları qəbul etməli olacaq. Məhz buna görədir ki, Ermənistandakı müxalifət küçələrə tökülüb. İstəyirlər ki, daha böyükngüzəştlər əldə etsinlər”.
Rəsmi Bakının Ermənistana təqdim etdiyi 5 bənddən ibarət sülh təklifləri aşağıdakılardan ibarətdir:1. Dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; 2. Dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; 3. Dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; 4. Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; 5. Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması”.
Məhəmmədəli QƏRİBLİ