Məlum olduğu kimi, Prezident İlham Əliyev Fransa prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Məktubda Makronu Fransa prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edən Prezident İlham Əliyev bir sıra məqamlara da toxunub: “Bu il Azərbaycan ilə Fransa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunur. İqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələrimizi şərtləndirən başlıca amillərdəndir. Bu əməkdaşlığın bundan sonra da xalqlarımızın mənafeyi naminə birgə səylərimizlə davam etdiriləcəyinə inanıram.
Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir”.
Məlum olduğu kimi, Avropa İttifaqının Qarabağ məsələsinsdə mövqeyi bizi qane edir. Çünki qurum Azərbaycanın təklif etdiyi beş prunsipi dəstəkləyir. Maraqlıdır, bundan sonra Fransa 5 prinsipin reallaşmasına fayda verəcəkmi?
“Prezidentin məktubunda əsas məzmun odur ki, rəsmi Paris reallıqları qəbul edərək, obyektiv olaraq sülhə töhfə verməlidir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Bəllidir ki, Fransa daima ermənipərəst mövqeyi ilə seçilib. Hətta İkinci Qarabağ müharibəsində rəsmi Paris Ermənistanı müdafiə etdi. Hazırda de-fakto Minsk Qrupu fəaliyyətini dayandırıb. Bunun de-yure rəsmiləşməsi də an məsələsidir. Çünki regionda yeni geosiyasi reallıqlar yaranıb və yeni siyasi nizam formalaşib. Bunu Azərbaycan reallaşdırır. O baxımdan Fransada yeni reallıqları qəbul etməli və regionda sülhə töhfə verməlidir. Nəzərə alsaq ki, bu məsələdə Fransanın da təmsil olunduğu Avropa İttifaqı yeni reallıqları dəstəkləyir, o baxımdan rəsmi Paris bu reallıqları nəzərə almalıdır. Əgər köhnə proseslərdə ilişib qalarsa, bu, Fransanın məğlubiyyəti olacaq. Ona görə də prezidentin məktubunda əsas məzmun odur ki, rəsmi Paris reallıqları qəbul edərək, obyektiv olaraq sülhə töhfə verməlidir. Düşünürəm ki, Emmanuel Makron növbəti səlahiyyəti dövründə bu istiqamətdə addımlar ata bilər. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əsas vasitəçidir. Bu istiqamətdə Fransa fəaliyyətini İttifaqın siyasəti ilə uzlaşdırmaq məcburiyyətindədir. Əksi isə Avropa İttifaqının sülh təşəbbüslərinin qarşısını alar. Fransa da reallıqları qəbul etmək məcburiyyətindədir və buna uyğun olaraq rəsmi Paris addımlar ata bilər”.
Politoloq onu da əlavə etdi ki, yeni reallıqlar bunu diqtə edir.
Vidadi ORDAHALLI