Azərbaycan Naminə Alyans Partiyasının Mətbuat Xidmətindən aldığımız 25 aprel 2022-ci il tarixli bəyanatda deyilir:
“ABŞ Prezidenti Cozef Baydenin 24 aprel 1915-ci il tarixini - dövlət əleyhinə qanunazidd fəaliyyət göstərən bir neçə erməninin həbs olunduğu günü-yenidən “soyqırım” adlandırması partiyamızın üzvləri tərəfindən ciddi etiraz və narazılıqla qarşılanmışdır. Bu bəyanat ABŞ prezidentinin qardaş Türkiyəyə və türk dünyasına münasibətdə etdiyi növbəti ədalətsizlik kimi qiymətləndirilmişdir. Çox təəssüf ki, fəaliyyətə başladığı gündən ermənipərəst mövqeyi ilə seçilən Bayden administrasiyası dəfələrlə bu cür addımlar atmış, dünyanın ən böyük dövləti olan ABŞ-ın ədalətli davranışına olan inamı xeyli sarsıtmışdır. Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması, onun F-35 proqramından çıxarılması, haqqı ödənilmiş 6 ədəd təyyarənin verilməməsi və ödənilmiş məbləğin geri qaytarılmaması, “ülkü ocaqları”nı terrorçu təşkilat elan etmək cəhdləri, Türkiyənin Azərbaycanla birlikdə ikinci Qarabağ müharibəsini başlamaqda, bu müharibəyə muzdlu döyüşçülərin cəlb edilməsində ittiham olunması və s. addımlar türk dünyasında və ilk növbədə Azərbaycanda kəskin etiraz doğurmuşdur.
ABŞ-dakı erməni lobbisinin konqres üzvlərini və müxtəlif ranqlı siyasətçiləri ələ almaq, qondarma “erməni soyqırımı”nın tanınmasına nail olmaq istiqamətində apardığı fəaliyyət uzun müddət nəticə verməmiş və seçilən prezidentlərin heç biri ötən əsrin əvvəllərində baş vermiş hadisə üçün “soyqırım” ifadəsini işlətməyi düzgün saymamışdır. Yalnız prezident Bayden tarixi həqiqətləri nəzərə alan bu ədalətli mövqedən imtina etmiş və ötən il 24 aprel müraciətində ermənilərə qarşı “soyqırım” törədildiyini iddia etmişdir. Təəssüf ki, ABŞ-ın dünyadakı yerinə və ona bağlanan ümidlərə zidd olan, dünyanın ən böyük dövlətinin nüfuzuna xələl gətirən eyni yanlış addım bu il də təkrarlanmış və Osmanlı dövləti 107 il əvvəl ermənilərə qarşı “soyqırım” törətməkdə ittiham olunmuşdur. Bununla da türklərin şərəfli tarixinə növbəti dəfə ləkə yaxmağa cəhd göstərilmişdir.
Azərbaycan Naminə Alyans Partiyası türklərin qədim və şərəfli tarixinə qarşı yönəldilmiş bu cəhdləri qətiyyətlə pisləyir, ABŞ rəhbərliyini tarixi həqiqətləri və beynəlxalq hüququ inkar edən bu cür yanlış addımlardan çəkinməyə çağırır.
Baki-xeber.com