Adətən regionda sülhə böyük dəxli olan məsələlərin həlli yönündə hər dəfə bir addım atıldıqca, bu istiqamətdə işlər həlledici mərhələyə daxil olan ərəfədə Ermənistanın təxribatlarını görürük. İndiyə qədər dəfələrlə bunun şahidi olmuşuq.
Məlum olduğu kimi, son dövrlər Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə edilməsi, sərhədlərin delimitasiyası və digər məsələlərin həlli istiqamətində səylər artıb. Ötən həftə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı oldu. Telefon danışığında Prezident delimitasiya ilə bağlı Azərbaycan tərəfdən işçi qrupun yaradıldığını və Ermənistandan da müvafiq addımın atılmasını gözlədiyini dedi. Həqiqətən Azərbaycan tərəfdən bu çox vacib addım idi və hamı gözləyirdi ki, aprelin 6-da Brüsseldə əldə olunmuş razılaşmaya Əliyev və Paşinyan necə əməl edəcəklər. Çünki razılaşmaya görə, aprelin sonuna qədər tərəflər bununla bağlı komissiyanı formalaşdırmalı idi. Aprelin sonuna isə cəmi 5 gün qalıb. Azərbaycan öz üzərinə düşəni azı bir həftə əvvəl icra edib. Ermənistan isə, nəinki dürüst davranmadı, əksinə, aprelin 23-də Zəngilanda dövlət sərhədimizə təxribat-diversiya qrupu göndərdi. Düzdür, qarşı tərəfin diversiya cəhdinin qarşısı alındı. Ancaq fakt odur ki, bununla Ermənistan delimitasiya üzrə öhdəliklərini yerinə yetirmir və prosesi pozmaq istəyir. Bu isə o deməkdir ki, ayın sonuna qədər sözügedən öhdəlik icra olunmaya bilər. Bunun da bütün məsuliyyəti birmənalı şəkildə Ermənistanın üstündə qalacaq.
Bütövlükdə, delimitasiya komissiyasının yaranması ərəfəsində sərhəddə Ermənistanın belə bir təxribata əl atması hansı niyyətdən xəbər verir? Burada delimitasiya cəhdlərini pozmaq siyasətinin əlamətləri varmı?
“Rusiya Ermənistan müxalifəti üzərindən həm Paşinyana təzyiq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır”
Məsələyə münasibət bildirən politoloq Turan Rzayev hesab edir ki, məlum təxribat prosesi pozmaq niyyətlərindən xəbər verir: “İlk öncə onu deyim ki, bu kimi təxribatların olacağı bəlli idi. Söhbət təkcə Paşinyan administrasiyasının prosesin seyrindən narazı olmasında deyil, daxildəki müxalifətin prosesə radikal mövqe sərgiləməsindən gedir. Paşinyan indiki məqamda, istəməsə də, Azərbaycanla mövcud reallıqlar əsasında danışıqlara getməyə məcburdur. Bunu ondan ilk növbədə Brüssel tələb edir. Qərb prosesin özünün moderatorluğunda bitməsini istəyir. Bu isə Kremlin maraqlarına uyğun deyil. Rusiya onsuz da Brüsselin Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsinə dair proseslərdə aktiv iştirakından narazıdır. Bununla belə, tərəfləri narazı salmamaq üçün bu narazılığını pərdələyir. Rusiya indiki məqamda Ermənistan müxalifəti üzərindən həm Paşinyana təziq edir, həm də sərhəddə təxribatların törədilməsinə şərait yaradır. Səbəb isə aydındır. Kreml bununla Brüsseli prosesdən kənarlaşdıraraq moderatorluğu öz əlinə almaq istəyir. Bunu aprelin 23-dəki təxribat da təsdiqləyir. Aydın məsələdir ki, hazırda Ermənistan ordusu daxilində Qarabağ klanına, əslində isə Kremlə sadiq qüvvələr var. Mümkündür ki, elə təxribatı həmin qüvvələr həyata keçirib. Ermənistan ən qısa zamanda ordu daxilində təmizləmə işləri aparmalıdır. Çünki bu kimi təxribatların yaxın günlərdə təkrarlanma ehtimalı yüksəkdir. Prosesin hansı qüvvənin nəzarətində həyata keçirilməsindən asılı olmayaraq, Ermənistan məsuliyyət daşıyır”.
Politoloqun fikrincə, rəsmi Bakı bu kimi təxribatlara uzun müddət səssiz qalmayacaq.
Vidadi ORDAHALLI