Prezidenti İlham Əliyev aprelin 25-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub. Prezident İlham Əliyev sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb və ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ümumilikdə, Rusiyanın xüsusi nümayəndəsi ilə Azərbaycanın 5 təklifinin çərçivə kimi müzakirə olunmasıı əhəmiyyətli məsələdir. O baxımdan Azərbaycanın təkliflərinin sülh danışıqlarında əsas çərçivə kimi Prezident və Rusiyanın xüsusi nümayəndəsi arasında müzakirə olunma faktı nə deməkdir?
“Uzun illər Qarabağ məsələsinin tormozlanmasında əsas rol oynayan Rusiya da artıq yeni reallıqları qəbul edir”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin fikrincə, bu olduqca əhəmiyyətli məqamdır: “Çünki bu o deməkdir ki, sülh danışıqlarında diqtə edən tərəf Azərbaycandır. Bu təkcə ölkəmizin 44 günlük müharibədə qalib tərəf olması ilə bağlı deyil. Düzdür, bunun da ciddi əhəmiyyəti var. Bu həm də beynəlxalq hüququn Azərbaycanın tərəfində olması ilə bağlıdır. Çünki dünya birliyi, Avropa İttifaqı Qarabağı Azərbaycandan kənarda təsəvvür etmir. Səbəb onunla bağlıdır ki, 2020-ci ildən sonra tamamilə yeni reallıqlar yaranıb. O baxımdan bütün bu amillərin üst-üstə düşməsi Azərbaycanın manafeyinə işləyən faktorlardır. Uzun illər Qarabağ məsələsinin tormozlanmasında əsas rol oynayan Rusiya da artıq yeni reallıqları qəbul edir. Bunu həm də dünyada yaranan yeni geosiyasi reallıqlar diqtə edir. Bu baxımdan müzakirələrin Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında aparılması müsbət tendensiyadır. Bütün bunlar müəyyən əminlik yaradır ki, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında dönüş yarana bilər”.
Bir sözlə, hərbi ekspertin bu yöndə gözləntiləri müsbətdir.
Vidadi ORDAHALLI