Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Volodimir Zelenski bir sıra məsələlərə toxunub.
O cümlədən, Ukrayna prezidenti deyib ki, Azərbaycandan daha çox şey gözləyir: “Azərbaycan Ukraynaya humanitar yardım edir və Rusiyanın Ukraynaya qarşı müharibəsində neytral mövqe tutur. Türkiyə Rusiya ilə danışıqlarda vasitəçilik edən ölkələr arasında lider olmaq istədiyini göstərir. Türkiyə açıq şəkildə deyir ki, Ukraynanın təhlükəsizliyinin təminatçısı olan ölkələr sırasında olmaq istəyir. İndiyə qədər Azərbaycandan bunu eşitməmişəm, amma demək istəyirəm ki, Prezident Əliyev həmişə Ukraynanı dəstəkləyib. Humanitar yardımlar, tibbi yardımlar olub. Hesab edirəm ki, bu gün Azərbaycanın Ukraynaya silahla yardım etməsi çətindir. Bunu başa düşmək olar, çünki onların Dağlıq Qarabağ problemi var. Azərbaycan çox az ölkələrdəndir ki, mövqeyini, neytrallığını başa düşürük, çünki orada yenidən müharibə alovlana bilər. Amma hər halda, biz Azərbaycandan daha çox şey gözləyirik”.
O, müharibə mövzusunu davam etdirərək qeyd edib ki, Rusiya başqa ölkələrin ərazisindəki müharibələrdə belə hərbi vəhşilik nümayiş etdirməyib. Son onilliklərin heç bir müharibəsində belə şey olmayıb.
Maraqlıdır, indiki şəraitdə Azərbaycan bundan artıq nə edə bilər ki?
“Dağıntıların miqyası böyük olduğundan, ola bilsin Zelenski bizdən daha çox yardım istəyir”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, Ukraynanın düşdüyü vəziyyət çox ağır və çətin olduğu üçün Zelenskinin Azərbaycandan daha çox yardım istəməsini anlayışla qarşılamaq lazımdır: “Bəlli olduğu kimi, Rusiya Ukraynaya təcavüz edib və bu gün də təcavüz davam edir. Ölkənin böyük yaşayış məntəqələrini yer üzündən silir. Rusiya müharibə cinayətləri törədir və s. Bunun müqabilində də Azərbaycan Ukraynaya yardım göstərir. Müharibə başlayandan Azərbaycan dövlət olaraq Ukraynaya 4 dəfə humanitar yardım edib. Azərbaycanın siyasi cameəsi də Ukraynaya dəstək verir. Bütün bunları da Ukrayna prezidenti qeyd edir. Bütün bunlara rəğmən, Ukraynanın ölkəmizdən daha çox yardım istəməsini təbii qarşılamaq lazımdı. Çünki Ukraynanın vəziyyəti çox ağırdır. O boyda ölkə darmadağın olub. Əhalinin az qala üçdə biri qaçqın vəziyyətindədir. Ölkədə çoxsaylı ölən və yaralanan var. İnfrastruktur məhv edilib və bunun bərpası illərlə vaxt tələb edir. Müharibə isə hələ bitməyib. Dağıntıların miqyası böyük olduğundan, ola bilsin, Zelenski bizdən daha çox yardım istəyir. Vasitəçilik etməklə bağlı da gözllənti ola bilər. Azərbaycanla Ukrayna arasında çox yaxşı münasibətlər olduğu üçün, bir növ bizdən bir döst ölkə olaraq bunu umur. Hesab edirəm ki, bunda qəbahət bir şey yoxdur. O üzdən, Zelenskinin düşdüyü vəziyyəti başa düşməliyik. Mümkün olan qədər Ukraynaya yardım etməliyik”.
Vidadi ORDAHALLI