19 apreldə Moskvada Vladimir Putin-Nikol Paşinyan görüşündən sonra İrəvan Brüssel razılaşmalarını arxa palana keçirir. Hər halda, 19 apreldə verilən birgə bəyanatdan və Paşinyanın Ermənistan parlamentinin iclasında dediklərindən belə nəticə çıxarmaq mümkündür.
Qısaca ifadə etsək, Ermənistan rəhbərliyi Rusiyanın da marağında olduğu Azərbaycanla sülh razılaşmasını imzalamaq istəmir, Qarabağın statusu ilə bağlı əvvəlki mövqeyinə qayıdır. Paşinyan prosesin üçtərəfli bəyanatlar çərçivəsində Minsk Qrupunun himayəsi altında aparılmasını da yenidən vurğulayır. Ermənistan baş naziri eyni zamanda bildirib ki, xalqla məsləhətləşmədən hər hansı sənədə imza atmaq istəmir.
Bütün bunlar rəsmi Bakının elan etdiyi prinsiplərə qarşıdır. Artıq Azərbaycan Prezidenti sülhün rədd elməsinin müqabilində atılacaq addımları elan edib. Azərbaycan Ermənistanın ərazi bütövlüyünü rəsmən tanımadığını elan edəcək, habelə Qarabağdakı ordu hissələri istənilən əmri yüksək peşəkarlıqla yerinə yetirmək üçün hazır vəziyyətdə dayanıb.
Bütün bundan o qərara gəlmək olarmı ki, Paşinyan sülh sazişini imzalamaqdan boyun qaçırmaq istəyir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Nikol Paşinyan son günlər bir-birini təkzib edən açıqlamalar verməkdə davam edir: “Brüsseldən qayıdan kimi “Dağlıq Qarabağın statusunu” sülh sazişində əks olunmasını tələb edir. Bu məsələnin ora salınmasını iddia etmək danışıqları sonsuzluğa kimi yubatmaqdır. Çünki Azərbaycan qəti şəkildə bəyan edib ki, Qarabağın statusu məsələsi müzakirə mövzusu ola bilməz. Bundan sonra Paşinyan başqa bir açıqlama verdi ki, Qarabağın statusu ilə bağlı qərar yalnız həmin ərazidəki əhalinin razılığı ilə verilə bilər. Bu da danışıqları dalana dirəməkdən başqa nəsə deyil. Qarabağ ermənilərinin mövqeyi bəllidir. Onlar müstəqillikdən başqa nəsə eşitmək istəmirlər və onların müəyyən reallıqları dərk edə bilməsi çox çətindir. Brüsseldəki ümidverici bəyanatdan sonra Paşinyanın bu mövqeyi çox ciddi problemlər yaradır. Məhz buna görədir ki, Azərbaycan Prezidenti Şuşada Ermənistana öz xəbərdarlığını etdi. Bəli, bu, Ermənistanın son şansıdır. Ancaq biz görmüşük ki, Ermənistanın baş naziri daxili rəyi sakitləşdirmək üçün əvvəlcə belə bəyanatlar verir, sonra öz mövqeyindən imtina etməyi bacarır. Ümid edirəm ki, Paşinyan bu mövqeyindən də imtina edəcək. Çünki bütün bu şərtlər sülh sazişinin imzalanmasına çox ciddi problemlər yarada bilər. Hətta hərbi əməliyyatların yenidən başlanmasına rəvac verər”.
Məhəmmədəli QƏRİBLİ