Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımların daha da intensivləşməsi Qərbin və Rusiyanın Qarabağla bağlı fəallığının, eyni zamanda tərəflər arasında rəqabətin artması ilə müşahidə olunur.
Qərbin məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında etibarlı sülh müqaviləsi bağlansın, iki ölkə arasında sərhədlərin delimitasiya-demarkasiya prosesi aparılsın, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik tam şəkildə bərpa olunsun. Çünki bütün bunlar bir sıra böyük iqtisadi layihələrin həyata keçməsində vacib faktordur.
Rusiyanın məqsədi isə Cənubi Qafqazda münaqişənin tam həllinə imkan verməmək və bu minvalla öz təsirini bölgədə saxlamaqdır. Həll olunsa belə, Rusiyanın təsir dairəsi çərçivəsində olmasını istəyir. Hazırda Qarabağ məsələsi konteksində Azərbaycan və Ermənistan arasında ikitərəfli normallaşma ilə bağlı indiki vəziyyətdə prosesin sabahının necə görsəndiyi maraq doğurur.
Bütün bunlara baxmayaraq, bizim bəzi ekspertlər hesab edir ki, Cənubi Qafqazda sülh və sabitlik məsələsində Qərbin və Rusiyanln mövqeləri üst- üstə düşür. Yəni sülh sazişini guya Rusiya da, Qərb də istəyir. Bu düşüncə tərzini nə dərəcədə real saymaq olar?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə bir iddianı tam abdurd saymaq olar: “Xüsusilə də hazırkı məqamda bir-birilə müharibə şəraitində olan tərəflərin Cənubi Qafqazla bağlə vahid mövqe sərgiləməsi inandırıcı sayıla bilməz. Çünki Rusiya işlərin yaxşı getmədiyini hiss edir və sülh anlaşmasına əngəl olmağa, daha doğrusu, Avropa Birliyi platformasında reallaşmasına maneçilik törətməyə çalışır. Putin istəmir ki, Qərbin vasitəsilə Bakı və İrəvan sülh bağlasın. Belə olacağı təqdirdə Avropa üstünlük qazanmış olacaq və Putinin üçtərəfli sənədi etibarsız sayılacaq. Hərçənd, Qərb də manevr edir, ermənipərəst siyasət yürüdür, tam səmimi görünmür, sadəcə, sülh sazişini kimin bağladacağı uğrunda rəqabət gedir. Üstəlik, bu hadisələr Rusiyanın tam təcrid olunması dönəminə təsadüf edir. Ona görə Kreml anlayır ki, özü müsbət addım atmasa, onun yerinə bunu Avropa edəcək, Ermənistanla Azərbaycan qarşısında dili uzun olacaq. Rusiya lideri Ukrayna müharibəsinin ağır dövründə Cənubi Qafqazdakı vəziyyəti də nəzarətdə saxlamağı unutmursa, deməli, küncə sıxışdırıldığını anlayır. Bu baxımdan da, sözügedən qütblər arasında ciddi ziddiyyətin olduğu ortadadır”.
Məhəmmədəli QƏRİBLİ