Hesab etmək olar ki, artıq Rusiya da Ermənistanla saziş üzrə Azərbaycanın təklif etdiyi 5 sülh prinsipi ilə razılaşdı. Rusiyanın xüsusi nümayəndəsi Xovayevin Bakıda Prezident İlham Əliyevlə görüşü barədə rəsmi məlumatların təhlili bu nəticəyə gəlməyə əsas verir.
Rəsmi məlumatlarda deyilir ki, Əliyev xüsusi nümayəndə ilə həmin 5 prinsip barədə müzakirə aparıb və Azərbaycanın Ermənistanla saziş və demarkasiya üzrə danışıqlara başlamağa hazır olduğunu deyib. Məlumatlar normallaşma prosesinin artıq hərəkətə gətirildiyini göstərir və heç şübhə yoxdur ki, proses məhz Azərbaycan Prezidentinin dəqiq və düzxətli mövqeyi əsasında yerindən tərpədilib. Rusiya xüsusi nümayəndəsinin 5 prinsip ətrafında müzakirəyə qoşulması Azərbaycanın sülh sazişinin çərçivəsi barədə təklifinin qəbul edildiyini sübut edir. Rusiyanın belə mövqe tutması Azərbaycanın təklif etdiyi çərçivənin Ermənistana da qəbul etdiriləcəyinə xeyli müsbət perspektivlər açır.
Qeyd edək ki, az əvvəl Azərbaycan Prezidenti sülh təkliflərinin Avropa Birliyi tərəfindən də qəbul edildiyini konkret və birmənalı bildirmişdi. Əgər Rusiya və Avrobirlik təkliflərimizi qəbul edirsə Ermənistanın onlardan boyun qaçırması asan olmayacaq. Əlbəttə, bu hələlik sülh prosesinin Azərbaycanın çərçivəsi əsasında sonadək gedəcəyini söyləməyə tam əsas vermir. Ən azı ona görə ki, biz Ermənistanın reallıqlardan kənara qaçdığını dəfələrlə görmüşük və bu dəfə də heç nəyi istisna etməməliyik. Ancaq konkret vəziyyətdə Prezident Əliyevin ortaya qoya bildiyi məlum nəticənin dəyərini inkar etmək mümkün deyil. Bu nəticə odur ki, Azərbaycan özünün sülh çərçivə təkliflərinin həm Rusiya, həm də Avrobirlik tərəfindən qəbul edilməsinə nail oldu...
Aydın QULİYEV