Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Qeyd edilənə görə, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsində əsas hədəf nədir? Niyə məhz Şuşada? Buradan dünyaya hansı mesajlar verilə bilər?
“Bu mənada, qurultay həmin ictimai baxışın beynəlxalq platformalara yenidən çatdırılmasıdır”
Siyasi ekspert Aqşin Kərimov bizimlə söhbətində bildirdi ki, növbəti Qurultayının Şuşada keçirilməsi fərqli bir anlam daşıyır. A.Kərimov hesab edir ki, məkan kimi Şuşanın seçilməsinin həm mənəvi, həm tarixi, həm də siyasi əhəmiyyətini unutmaq olmaz. 44 günlük Vətən müharibəsində dəmir yumruq ətrafında birləşən dünya azərbaycanlıları Şuşadan dünyaya mesaj verəcəklər. “Ümumiyyətlə fikir verirsinizsə, Şuşada keçirilən tədbirlərin, iclasların sayı artır, bütün sahələrə əhatə edən belə toplantılar Cənubi Qafqazdakı reallıqda Azərbaycanın yaratdığı geosiyasi mənzərənin hərtərəfli əsaslarla elanıdır.
Bu dəfə Şuşa Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsinə şahidlik edəcək. Bu, dünyadakı soydaşlarımızın postmünaqişə dövründəki ideoloji çətir altında toplanması üçün siyasi-simvolik əhəmiyyətə malikdir.
Dünya azərbaycanlılarının bu dəfə Şuşadan mesaj verməsi regiondakı yeni reallıqların bir millət olaraq bəyanıdır”.
Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakının gözlənildiyini vurğulayan A.Kərimovun sözlərinə görə, vahid cəbhədə toplanmaq vacibdir, çünki münaqişə bitsə də, risqlər qalır”. ...Bu risqlərə qarşı dövlət hərbi-siyasi tədbirlər görsə də, ictimai baxışda da tutarlı rəy yaradılması əhəmiyyətlidir.
Bu mənada, qurultay həmin ictimai baxışın beynəlxalq platformalara yenidən çatdırılmasıdır, yəni “harada yaşamasından asılı olmayaraq soydaşlarımız dövlətin yanındadır” mesajının verilməsidir. Bu, xaricdəki erməni lobbisinin təşkilatlanmasına qarşı da vahid cəbhənin yaradılmasına xidmət edəcək” - deyə A.Kərimov qeyd etdi.
İradə SARIYEVA