Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib. Bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib.
Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.
Bundan sonra Vanetsyan, hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib. Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib. Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib. “Şərəf duyuram” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib. O əlavə edib ki, əsas vəzifə Paşinyanın istefasıdır. Tarixdən bəllidir ki, Ermənistan hakimiyyəti sülhə məcbur edildikcə müxalifət təzyiqləri artırır. Əksər hallarda bu, hakimiyyətlə müxalifətin razılaşdırılmış oyunu olur. Hazırda da Ermənistan sülhə getməyə məcbur vəziyyətdə qalıbsa, müxalifətin bu təzyiqləri realdır, yoxsa köhnə oyunun tərkib hissəsi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanda belə təzyiqləri biz çox görmüşük: “Qarabağ münaqişəsinin mövcud olduğu zamanda Ermənistanda hakimiyyətdə olan qüvvələr müəyyən kompromislərə hazır olduğunu bəyan edən kimi, 1999-cu ilin oktyabr ayının 27-də Ermənistan parlamentində terror aktı törədildi. Nəticədə Ermənistanın siyasi elitasının əsas fiqurları qətlə yetirildi. Rusiyanın Ukraynada məğlubiyyəti Ermənistanda Avropaya doğru getmək istəyənlərin mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Amma görünən budur ki, Rusiya-Ukrayna savaşı hələ yay fəslinə qədər davam edə, ən qanlı döyüşlər də yayda ola bilər. Əslində Rusiya strateji baxımdan müharibəni uduzub. Tam uduzduqdan sonra Ermənistan qəti şəkildə Avropanın ətəyindən yapışacaq. Bir növ ruslara xəyanət edəcək. Xəyanət ermənilərin xislətindədir. Ermənistan və ermənilər hazırda Rusiyadan qopmaq istəmir. Çünki real olaraq Ermənistanı saxlayan, bəsləyən və qoruyan Rusiyadır. Elə 44 günlük müharibə zamanı da - Ermənistanın ən dar günündə köməyinə Rusiya gəldi, hansısa sazişin imzalanmasını təşkil etdi. Bir sözlə, Rusiya Ermənistanın ağasıdır və ağadan ayrılmaq istəmirlər. Eyni zamanda həm də görürlər ki, bunların istədiyini Rusiya reallaşdıra bilmir. Məsələn, Rusiya Azərbaycandan da keçmir, bu isə onları hiddətləndirir. Hazırda aksiyanı edən Vanetsyan Rusiyanın adamı kimi tanınır. Moskva vaxtilə Rusiyada təhsil almış və tam olaraq FTB-nin təsiri altında olduğu şübhə doğurmayan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi Artur Vanetsyana tam dəstək verir. Hazırda Ermənistanda baş verənlərdə daxili razılaşma yoxdur, ancaq Rusiyanın təsiri aydın hiss edilir. Rusiya hesab edir ki, Ukrayna ilə müharibədən sonra Paşinyan tam olaraq Avropaya meyllənib. Buna görə də yerli müxalifətin əli ilə ona təzyiq edirlər”.
Məhəmmədəli QƏRİBLİ