Ermənistan bankları anti-Rusiya sanksiyalarına qoşulmağı planlaşdırır. Bu barədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi xəbər verib.
Erməni mediası yazır ki, martda diplomat erməni bankirlərlə görüş keçirib və görüşdə onları Rusiyaya köməkdən çəkinməyə çağırıb:
“ABŞ Ermənistanın beynəlxalq sanksiyalara sadiqliyini qiymətləndirir və bank sektoru nümayəndələri ilə müntəzəm təmasları təsdiqləyir”. Bundan əvvəl Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bəyan edib ki, ölkəsi qaz üçün Rusiyaya rublla ödəniş etməyə başlayıb. ABŞ səfiri Ermənistanın Rusiyaya xəyanətini açdı, yoxsa onu xəyanətə təşviq etdi?
Beynəlxalq idarəetmə üzrə ekspert Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Ermənistan ABŞ-ın radarına çoxdan düşüb: “İş burasındadır ki, Ermənistan eyni anda iki stulda oturmaq siyasətini yürüdür. ABŞ-ın bundan əvvəl yaydığı bir bəyanatda Ermənistanın adı keçir. Bu yaxınlarda bildirilir ki, ABŞ Maliyyə Departamenti Rusiyaya qarşı sanksiya siyahısına daha 13 fərdi şəxsi və 21 təşkilatı salıb. Məhdudlaşdırıcı tədbirlər Rusiya iqtisadiyyatının aerokosmik, dənizçilik, elektronika sahələrini əhatə edən rəsmi şəxslərə şamil olunur. Həmin tədbirlər Putinin Ukraynaya qarşı hərbi müdaxiləsini dəstəkləyən sektorların imkanlarını məhdudlaşdırmaq üçün görülən irimiqyaslı işlərin bir parçasıdır. ABŞ Rusiyaya sanksiyalardan yayınmaqda dəstək olan və bu ölkəyə hərbi, kəşfiyyat və digər xidmətlər göstərən ölkələrə sanksiya tətbiq edə bilər. ABŞ-dakı mənbələr deyir ki, sanksiyalara ilk növbədə Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistan məruz qala bilər.
Ermənistan əslində Rusiyaya tətbiq edilən sanksiyalardan fayda götürüb iqtisadiyyatını inkişaf etdirmək niyyəti güdür.
Ermənistan rəsmiləri bildirir ki, Rusiyaya qarşı sanksiyaları nəzərə alsalar, qısa müddətdə müəyyən müsbət gözləntiləri ola bilər. Ermənistan iş adamlarının bizneslərini Rusiyadan Ermənistana köçürülməsini hədəfləyirlər.
Bundan əlavə, transferlərlə bağlı çoxlu qeyri-müəyyənliklər var. Söhbət ondan gedir ki, gələcəkdə düzgün işləmədiyi üçün Ermənistan sanksiyalara məruz qalacaq, ya yox.
ABŞ səfiri əslində Ermənistana xəbərdarlıq edir. Onu Rusiya ilə əməkdaşlıqdan çəkindirmək istəyir. Səfirin bu təpkisini Paşinyanın Moskva səfəri öncəsi etməsi təsadüfi deyil. Bundan Ermənistanın ciddi nəticə çıxarmasını istəyirlər.
Ermənistanın anti-Rusiya sanksiyalarına qoşulacağı inandırıcı görünmür. Çünki həmin ölkənin bütün strateji iqtisadiyyat sahələri Rusiyanın əlindədir. Bu səbəbdən də Ermənistan üçün vəziyyət yaxşı olmayacaq. Digər tərəfdən isə ABŞ-ın maliyyə yardımlarından yararlanmaq niyyəti güdürlər”.
Məhəmmədəli QƏRİBLİ