Qarabağdakı separatçı ermənilərin qayda-qanunsuz yaratdıqları "Təhlükəsizlik Şurası" Rusiya prezidenti Putinə sülhməramlıların sayını və hərbi texnikasını artırmaq xahişi ilə müraciət edib.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Əvvəlcə təmas xəttində təxribat törədərək ardınca guya Azərbaycanın təmas xəttini pozması barədə hay-küy qoparır, puldan-paradan basıb Rusiya Müdafiə Nazirliyinin saytında Azərbaycan hərbçilərinin guya sülhməramlıların məsuliyyət zonasına daxil olduqları barədə xəbər yerləşdirir, hətta Fransa və Amerikanın XİN-lərindən Azərbaycanı "əvvəlki mövqeyə" çəkilməyə çağıran bəyanat çıxarmağa nail olurlar. Daha sonra isə Putinə məlum müraciəti edirlər. Prosesin altındakı erməni bicliyini və erməni saxtakarlığını bilirik... Maraqlı olan Putin cənablarının administrasiyasının separatçı ermənilərin müraciətinə müəmmalı şəkildə susmasıdır. Bu sükut erməniləri çox həvəsləndirir, onlara ümid verir. Yada salım. 2014-cü ildə Ukraynadan ayrılan Donbas və Luqanskın tanınma barədə müraciətləri də beləcə sükutun ixtiyarına buraxılmışdı və sükut 8 il sonra bəlli formada pozuldu.
Qısası, Putin cənabları Azərbaycanla strateji tərəfdaşlığı səmimi ortamda, heç bir hiylə güdmədən aparmaq istəyirsə, belə müraciətlərə susmalı yox, aydın cavab verməlidir - məsələn, deyə bilər ki, belə məsələlər dövlətlər arasında həll edilir… hansısa etnik toplumun müraciəti ilə yox...
İndi Putinin sükutuna nə ad qoyaq?..